Dünya çempionu Ukraynaya qarşı döyüşə çağırıldı

Rusiyalı keçmiş boksçu, dünya çempionu, Dövlət Dumasının deputatı Nikolay Valuyev qismən səfərbərliklə bağlı hərbi komissarlığa çağırış vərəqəsi alıb.

Sportline.az xəbər verir ki, bu barədə 49 yaşlı sabiq idmançı öz sosial şəbəkə hesablarında məlumat yayıb. Valuyev yazıb:

“Səhər telefon zəng çalır. Müxbirlər, jurnalistlər zəng edirlər. Bəli, həqiqətən hərbi komissarlığa çağırış aldım. Bu, hətta prezidentin 21 sentyabr 2022-ci il tarixli 647 nömrəli “Rusiya Federasiyasında qismən səfərbərliyin elan edilməsi haqqında” fərmanından əvvəl gəlib”.

Valuyev qeyd edib ki, o, beynəlxalq birlik tərəfindən tanınmayan “Luqansk Xalq Respublikası”nın ərazisindədir və buna görə də hərbi komissarlığa baş çəkə bilməyib: "Gələn həftə orada olmağı planlaşdırıram".

Qeyd edək ki, Valuyev 6-cı və 7-ci çağırış Dövlət Dumasının deputatı, WBA versiyası üzrə ağır çəkidə keçmiş dünya çempionu (2005–2007, 2009-cu illərdə), ağır çəkidə keçmiş Rusiya çempionudur (1999-cu il).

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hərbi müdaxilədən 7 ay sonra - sentyabrın 21-də qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, 300 min nəfərin - orduda xidmət etmiş, döyüş təcrübəsi olan və Silahlı Qüvvələr üçün lazımi ixtisasa malik olanların çağırılması planlaşdırılır. Mövcud qanunvericiliyə görə, Dövlət Dumasının deputatları səfərbərliyə çağırışdan möhlət alırlar.