Dünyanın ən böyük “Lego” Formula 1 bolid konstruksiyası yığılacaq

Səudiyyə Ərəbistanı 2021-ci il Qran-Prisinin promoteri olan Səudiyyə Avtomobil və Motosiklet Federasiyasının təşəbbüsü ilə krallıqda keçiriləcək ilk F1 yarışları ərəfəsində dünyanın ən böyük “Lego” F1 bolid konstruksiyası yığılacaq.

Sportline.az xəbər verir ki, “Lego” bolid konstruksiyasında yarım milyondan artıq rəngli plastik hissəciklərdən istifadə ediləcək. Sentyabrın 15-də Ciddə şəhərindəki “Red Sea Mall”da başlanacaq bu proses təxminən bir həftə davam edəcək. Şəhərin qubernatoru, şahzadə Xalid bin Sultan əl-Faysal jurnalistlərə müsahibəsində bildirib ki, Ciddədə keçiriləcək ən sürətli və uzun məsafəli şəhər Qran-Prisi ərəfəsində dünyanın ən böyük bolid konstruksiyasının yığılması da əlamətdar hadisə olacaq. O əlavə edib ki, yığılma prosesinin sonunda bolid “Lego”suna müvafiq sertifikat veriləcək.

Səudiyyə Ərəbistanının idman rəsmiləri krallığın bütün ərazisindəki vətəndaşları bolid “Lego”nun yığılmasında iştirak etməyə dəvət ediblər. İlk F1 Səudiyyə Ərəbistanı Qran-Prisi isə dekabrın 3-5-də Ciddədə keçiriləcək.