Məcburi köçkün uşaqları "Formula 1" ilə tanış olublar
Məcburi köçkün uşaqları Formula 1 ilə tanış olublar.
Sportline.az xəbər verir ki, məcburi köçkün uşaqlar Xarici İşlər Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə təşkilatçılığı ilə Formula 1 üzrə Azərbaycan Qran-prisi çərçivəsində “Racing for Peace” (Sülh Naminə Yarış) şüarı altında pit yolu və əyləncə zonası ilə tanış olublar.
Uşaqlar böyük həvəslə paytaxt Bakıda keçirilən Qran Pri yarışına hazırlıq prosesi ilə tanış olmaq, bu yarışları izləmək üçün ölkəmizə gələn peşəkar Formula 1 komanda üzvləri, əcnəbi qonaqlar və həmyaşıdları ilə təmasda olmaq imkanı əldə edib.
İcmanın üzvləri əslən Dağlıq Qarabağdan olan məcburi köçkün uşaqlar üçün təşkil olunan bu sosial-humanitar layihəyə görə təşəkkürünü ifadə edərək, bu aksiyanın Azərbaycanın BMT-nin “sülh və inkişaf naminə idman” proqramının məqsəd və məramlarına sadiqliyinin növbəti nümunəsi olduğunu bildirib.
Tədbirin sonunda BŞH tərəfindən uşaqlara Formula 1 yarışları üçün xarakterik olan hədiyyələr və suvenirlər verilib.