"Formula 1": 1000-ci Qran-pri
Aprelin 14-də Formula 1 azarkeşləri Formula 1 üzrə dünya çempionatları tarixində 1000-ci Qran-Prini izləyəcəklər.
Sportline.az AZƏRTAC-a istinadən xəbər verir ki, mininci Qran-Pri Çinin Şanxay şəhərində keçiriləcək. İndiyədək təşkil olunan 70 mövsümdə “Ferrari” komandasının pilotları yubiley yarışlarında fərqlənə bilməyiblər. Belə ki, İtaliya komandası 70 çempionatda 972 yürüşə qatılıb və bunların 235-də qələbə qazanıb.
2004-cü ildən Şanxay avtodromunda keçirilən Çin Qran-Prisi bir çox əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, 2006-cı ildə dəfələrlə dünya çempionu olan Mixael Şumaxer sonuncu – 91-ci qələbəsini Şanxayda qazanıb. Üç il sonra “Red Bull Racing” komandası öz tarixində ilk qələbəni məhz Şanxay avtodromunda əldə edib. Həmçinin 2012-ci ildə “Mercedes”in pilotu Niko Rosberq ilk dəfə podiumun ilk pilləsində yer alıb.
Formula 1-in yubiley Qran-Priləri
1961-ci ildə Almaniyanın Nyurburqrinq trasında keçirilən 100-cü Qran-Pridə “Lotus” komandasının pilotu Stirlinq Moss qalib gəlib. On il sonra Monakoda keçirilən 200-cü yarış “Tyrrell”in üzvü Ceki Styuartın qələbəsi ilə yekunlaşıb. 300-cü Qran-Priyə 1978-ci ildə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Kyalami trekində təşkil olunan yarışda “Lotus”un pilotu Ronni Peterson fərqlənib. 1984-cü ildə Avstriyanın Tseltveq şəhərində baş tutan növbəti yubiley yarışında “McLaren”in sürücüsü Niki Lauda birinci olub.
Formula 1-in 500-cü Qran-Prisi 1990-cı ildə Avstraliyanın Adelaida şəhərində keçirilib və qələbə sevincini “Benetton” komandasının üzvü Nelson Pike yaşayıb. 1997-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 600-cü yarışda “Williams” komandasının pilotu Jak Vilnev qalib gəlib. 2003-cü ildə Braziliyanın “İnterlaqos” avtodromu 700-cü Qran-Priyə ev sahibliyi edib. Yarışın qalibi isə “Jordan” komandasından Cankarlo Fizikella olub. “Renault”un pilotu Fernando Alonso 2008-ci ildə Sinqapurda 800-cü yürüşdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Sonuncu yubiley yarış 2014-cü ildə Bəhreyndə təşkil olunub. “Mercedes”in pilotu Luis Hamilton 900-cü Qran-Prinin qalibi olub.
Qeyd edək ki, aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək Azərbaycan Qran-Prisi sayca 1001-ci yarış olacaq.