Formula 1: Açılış mərasimində sürpriz
Formula 1 Azərbaycan Qran-prisi 2019-un açılışında tamaşaçıları yeni sürprizlər gözləyir.
Sportline.az saytına məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Qran-prisinin açılışının əvvəlkilərdən fərqli formada baş tutacağını bildirib.
Belə ki, saat 15:40-da başlayacaq açılışda əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunan kubok təqdim olunacaq. Daha sonra himn mərasiminə start veriləcək. Mərasimdə Azərbaycan dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjmanında səsləndiriləcək.
Himn mərasimində Azərbaycan Respublikası hökumətinin yüksək rəsmiləri, Formula 1 şirkətinin rəhbərliyi və pilotlar iştirak edəcəklər. Pilotları “Gələcəyin ulduzları” adlanan azyaşlılar müşayiət edəcəklər. Himni respublikanın əməkdar artistləri Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsli birlikdə müvafiq olaraq muğam və klassik üslüblarında ifa edəcəklər. Onları tarda əməkdar artist Şəhriyar İmanov, nağarada əməkdar artist Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət edəcəklər. İfaçılar xalq və klassik üslublarına aid geyimdə olacaqlar.