Formula 1: Azərbaycan Qran-prisi və konsert proqramlarını 85 min tamaşaçı izləyib

Bakıda sayca 4-cü dəfə keçirilən Formula 1 yarışı növbəti dəfə beynəlxalq və yerli azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sportline.az saytına məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı və Kristal Zalda dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərində ümumilikdə 85 min tamaşaçının iştirak etdiyini bildirib.

Bu il də ötənilki qədər bilet satılıb.Xaricdən alınan biletlərin nisbəti 22 % təşkil edib. Ötən illə müqayisədə bu il yarış həftəsonu ərzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Buna səbəb əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtın qaldığı bir ərəfədə xəstələndiyi üçün Bakı konsertini ləğv etməsi olub.

Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib. Bu ölkələr arasında Rusiya, Böyük Britaniya, Avstriya, Hollandiya və Gürcüstan xüsusilə fərqlənib.

Qeyd edək ki, çox sayda xarici azarkeşin rəğbət göstərdiyi yarışda qalibiyyətə “Mercedes” komandasının pilotu Valtteri Bottas yiyələnib. Onu komanda yoldaşı Lyüis Hemilton və “Ferrari” sürücüsü Sebastyan Fettel ardıcıllıqla izləyiblər.