Formula 1: Azərbaycan Qran-prisinin ilk gününün geniş icmalı
Formula 1 üzrə Azərbaycan Qran-prisinə start verilib.
Sportline.az xəbər verir ki, yarışların tarixində 1001-ci Qran-pri olan turnirin ilk günü maraqlı hadisələrlə yadda qalıb. Azərbaycan Qran-Prisində 10 komandadan 20 pilot mübarizə aparır.
Yarışın ilk günündə Formula 1-dən əlavə Formula 2 üzrə sərbəst yürüşlər təşkil olunub. Formula 2 üzrə sərbəst yürüşdə ən yaxşı nəticəni “Karlin” komandasının üzvü Nobuharu Matsuşita göstərib. Daha sonra isə Formula1 üzrə 1-ci sərbəst yürüşlər başlanıb. Yürüş zamanı “Vilyams” komandasının pilotu Corc Rassell qəzaya uğrayıb. Bu səbəbdə də ilk sərbəst yürüş vaxtından əvvəl dayandırılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula-1 bolidlərinin sərbəst yürüşü zamanı yaranan qəza ilə bağlı açıqlama verib. Açıqlamada birinci sərbəst yürüş zamanı trekdəki lyuk qapağının yerindən tərpənməsi səbəbilə sessiyanın ləğv edildiyi qeyd olunub. Bildirilib ki, əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Bakı Şəhər Halqası Beynəlxalq Avtomobil Federasiyası ilə birlikdə həmin lyukun təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyib və trass hazır vəziyyətə gətirlib.
Corc Rassell özü isə qəza haqqında bunları deyib: Gözləmədiyimiz vəziyyətlə üzləşdik. Yarışlarda belə halların olması normaldır. Əsas odur ki, özümə heç nə olmayıb. Mübarizəni davam etdirməyə hazıram. Daha sonra 2-ci sərbəst yürüşlərin keçirilməsinə icazə verilib. Ən yaxşı nəticəni “Ferrari”nin monakolu üzvü Şarl Lekler göstərib.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisinə aprelin 28-də yekun vurulacaq.