Formula 1: Karyerasında ilk qələbəni qazandı
Formula 1 üzrə Macarıstan Qran-prisi geridə qalıb.
Sportline.az xəbər verir ki, təsnifat mərhələsində “Mersedes” pilotu Lüis Hemilton rəqiblərini qabaqlasa da, həlledici yarış tam fərqli ssenari ilə keçib.
Startda Valtteri Bottasın qəza vəziyyəti yaratması nəticəsində bir neçə pilotun sıradan çıxması və “Red Bull” sürücüsü Maks Ferstappenin geriyə düşməsi “Alpin” piliotu Esteban Okonun işinə yarayıb. Nəticədə 24 yaşlı fransalı karyerasında ilk dəfə Formula 1 Qran-prisinin qalibi olub. O, 70 dövrəni 1 saat 40 dəqiqə 12 saniyəyə qət edib.
“Aston Martin” komandasının üzvü Sebastyan Fettel finişi Okondan 1,8 saniyə gec keçərək ikinci yeri tutsa da, sonradan bu nəticə ləğv olunub. Almaniyalı pilotun finişi keçdikdən sonra yanacaq çənində 1 litrdən də az benzin qalıb ki, bu da qayda pozuntusuna səbəb olub. Fettelin diskvalifikasiyasından sonra Lüis Hemilton yarışı ikinci, “Ferrari” pilotu Karlos Sayns isə 3-cü sırada başa vurub.
Şəxsi birinciliyə gəlincə, Lüis Hemilton 192 xalla ilk sırada qərarlaşıb. Yarışı 10-cu sırada bitirən Maks Ferstappen 186 xalla ikinci, “Maklaren” pilotu Lando Norris isə 113 xalla 3-cü sıradadır. Mühəndislər Kubokuna isə 300 xalla “Mersedes” başçılıq edir. 290 xal toplayan “Red Bull” 2-ci yerdə qərarlaşıbsa, “Ferrari” 163 xalla 3-cüdür. Növbəti yarış avqustun 29-da Belçikada keçiriləcək.