"Formula 1" pilotlarını müşayiət edəcək uşaqlar üçün təlim keçirilib

Azərbaycan Avtomobil Federasiyası (AAF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) builki Azərbaycan Qran Prisində pilotları müşayiət edəcək uşaqlar - “Gələcəyin Ulduzları” layihəsinin iştirakıları üçün təlim keçirib.

Sportline.az xəbər verir ki, tədbirdə AAF-ın ümumtəhsil məktəblərində mütəmadi olaraq keçirdiyi layihələr barədə, yol təhlükəsizliyi qaydaları haqqında məlumat verilib. Eyni zamanda Formula 1 üzrə dünya çempionatı və pilotlardan, ən yüksək sürətli şəhər treki olaraq BŞH-nin digər fərqləndirici xüsusiyyətlərindən də söhbət açılıb.

Daha sonra Azərbaycan Qran-prisinin açılışı çərçivəsində keçiriləcək yarış kubokunun təqdimatında və himn mərasimində pilotları müşayiət edəcək azyaşlılar bu tədbirlərdəki rolları, həmçinin pilotlar barədə məlumatlandırılıblar. Mərasimdən sonra uşaqlar vaildeynləri ilə birlikdə tribunada yarışı izləməyə dəvət ediləcək və onların bulvar boyunca uzanan əyləncə zonasında əylənmək
imkanları olacaq.

Xatırladaq ki, “Formula 1” şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin Ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində 2018-ci ildən etibarən himn mərasimində pilotları azyaşlılar müşayiət edir. Layihənin məqsədi yarışdan əvvəl keçirilən açılış mərasimini Formula 1 azarkeşləri, xüsusən də azyaşlılar üçün daha maraqlı etmək və onlar arasında avtomobil idmanına maraq yaratmaqdır.

“Gələcəyin Ulduzları” AAF tərəfindən idman yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından seçilir. Builki yarışda 10-u qız və 10-u oğlan olmaqla, ümumilikdə, 20 uşağın iştirakı nəzərdə tutulur.