"Formula 1" pilotu fərqli Çempionlar Yarışında çıxış edəcək
"Formula 1" üzrə dünya çempionatında çıxış ədən "Mercedes"in pilotu Valtteri Bottas Çempionlar Yarışına qatılacaq.
Sportline.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı sürücü Çempionlar Çempionu uğrunda mübarizə aparacaq və Millətlər Kubokunda Finlandiyanı təmsil edəcək.
Bottas bu turnirdə iştirakını səbrsizliklə gözlədiyini bildirib: "Uzun illərdir ki, televiziyada bu yarışı izləyirəm. Bu dəfə turnirlərin qar və buz üzərində baş tutması onları daha da maraqlı edir"
Pilot Arktika Rallisində bir neçə dəfə iştirak etdiyini xatırladıb: "Ümid edirəm ki, bu təcrübə fərdi Çempionlar Yarışında və Millətlər Kubokunda güclü rəqibləri, xüsusən şimal qonşularımız olan İsveç və Norveç təmsilçilərini məğlub etməyə köməklik göstərəcək".
Finlandiya komandası sonuncu dəfə 2006-cı ildə Millətlər Kubokunu qazanıb.
Qeyd edək ki, Çempionlar Yarışında müxtəlif seriyalardan olan pilotlar iştirak edir. Turnir bu dəfə 2022-ci ilin fevralında İsveçdə Qütb dairəsi yaxınlığında keçiriləcək.