Formula 1: Qəza ilə bağlı rəsmi açıqlama

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu gün Formula 1 Azərbaycan Qran-prisi zamanı baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

Sportline.az xəbər verir ki, açıqlamada bildirilir ki, bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub.

“Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsizlik şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək” – deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu gün birinci sərbəst yürüş zamanı “Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub. Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trassa səpələndiyindən yürüş dayandırılıb.