"Formula 1" üzrə Azərbaycan Qran-prisi: Britaniyalı müğənni Bakıya gəlir

Məşhur britaniyalı müğənni Cessi Cey Formula 1 üzrə Azərbaycan Qran Prisində çıxış edəcək.

Sportline.az saytına məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Brit” mükafatlı müğənninin 27 aprel tarixində Bakıda konsert verəcəyini bildirib.
 
Şənbə günü sağlamlıq məsələləri ilə bağlı konsert proqramını ləğv etməli olan Sem Smiti həmin gün “Price Tag”, “Domino” və “Bang Bang” kimi hit mahnıları ilə tanınan və milyonlarla albomu satılan Cessi Cey əvəz edəcək.

Bütün bilet sahibləri Bakı Kristal Zalında dünya ulduzlarının iştirakı ilə keçiriləcək axşam konsertlərində pulsuz iştirak edə biləcəklər. Tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.