"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər
"Formula 1" üzrə 2023-cü il Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər.
Sportline.az "torcedores.com" saytına istinadən xəbər verir ki, buna səbəb yarışın Çin mərhələsinin təşkilinin sual altına düşməsidir. Şanxay trasında keçirilən Qran-prinin ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə təxirə salınacağı istisna olunmur.
Bu baş verərsə, Çin Qran-prisindən əvvəlki və sonrakı yarışlar arasında 4 həftəlik fasilə yaranacaq. Bu isə təşkilatçılara sərf etmir. Məhz həmin fasiləni 3 həftəyə endirmək üçün Azərbaycan Qran-prisi nəzərdə tutulan vaxtdan 1 həftə tez keçirilə bilər.
Qeyd edək ki, "Formula 1"in rəsmi saytının açıqladığı təqvimdə Bakıdakı yarışın 28 - 30 apreldə olacağı göstərilib.