“Formula 1”: Yarış həftəsində bəzi yollar nəqliyyatın hərəkətinə açıq olacaq
“Formula 1” üzrə Azərbaycan Qran Prisinin yarış həftəsində trekin əhatə etdiyi bəzi yollar nəqliyyatın hərəkətinə açıq olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Sportline.az-a verilən məlumata görə, yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi aprelin 24-dən 29-dək müəyyən saatlarda əhalinin istifadəsi üçün açılacaq.
24-26 aprel aralığında səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
Göstərilən yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək. Maşınların orada dayanması və ya parkinqi təhlükəsizlik baxımından qadağandır.
Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.