"Gent"in daha iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər
"Gent"in daha iki futbolçusu Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçını buraxa bilər.
Sportline.az "Demorgen" nəşrinə istinadən xəbər verir ki, bunlar müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hülsagerdir.
Okumu Bakıdakı ilk görüşdə xəsarət alıbsa, Hülsager "Aud-Heverle Lövyen"lə çempionatın XXVI tur oyununda sıradan çıxıb.
Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altına düşüb.
Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.