"Gent"in saytı "Qarabağ"dan yazdı

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la görüşəcək “Gent”in rəsmi saytında Azərbaycan çempionu ilə bağlı geniş yazı dərc edilib.

Sportline.az xəbər verir ki, yazıda Ağdam klubunun yaranma tarixindən bu günə qədər keçdiyi yoldan bəhs olunub.

Xüsusən də, Ağdamın 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu vurğulanıb: “Ağdam 1993-cü ildə Azərbaycan və Ermənistan arasında uzun sürən müharibənin tərkib hissəsi olaraq erməni qoşunları tərəfindən zəbt edilib və tamamilə dağıdılıb. Ağdamdan yalnız xarabalıqlar qalmışdı. Bununla belə, 2020-ci ildən etibarən şəhər yenidən Azərbaycanın nəzarətinə keçib və hazırda şəhərin və onun yol infrastrukturunun yenidən qurulması üzərində iş gedir. “Qarabağ” buna görə 1993-cü ildə paytaxt Bakıya köçməli olub. Klub indi növbəti illərin birində Ağdama qayıda biləcəyinə ümid edir”.

“Qarabağ”ın 9 dəfə ölkə çempionluğunu qazandığı, əzəli rəqibinin “Neftçi” olduğu da qeyd edilib. Həmkarlarımız Qurban Qurbanovun 2008-ci ildən ağdamlılara rəhbərlik etdiyini, komandanı “Barselona”nın stilinə uyğun formalaşdırdığını əlavə ediblər. Eyni zamanda ölkə çempionunun cari mövsümdəki performasına da yer verilib.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.