"Geriyə yol yoxdur" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində Belçikada "Gent"ə uduzaraq (0:1, penaltilər seriyası - 3:5, ilk oyun - 1:0) mübarizəni dayandırdıqları matç barədə danışıb.

Sportline.az xəbər verir ki, mütəxəssis görüşdən sonra "CBC Sport"a açıqlamasında uduzmaqlarına baxmayaraq, komandanın oyunundan razı qaldığını deyib:

"Çox üzgünük. Bakıdakı oyundan sonra da komandada inam, istək var idi. Çox istəyirdik ki, azarkeşlərimizi yaxşı oyun və qalibiyyətlə sevindirək. Amma futbolçular meydanda 120 dəqiqə yaxşı və ağıllı mübarizə apardılar. Sadəcə olaraq qol epizodunda kiçik bir diqqətsizlik oldu. Bu, futbolun silinməyən qanunlarından biridir. Futbolçularıma da dedim ki, həmişə onların yanındayam. Belə oyunlar ancaq bizi böyüdür, inam verir. Əgər belə vacib oyunda futbolçular meydanda 120 dəqiqə dözürlərsə, biz səfərdə rəqibdən çəkinməyərək onların üzərinə gediriksə, bu, məni ancaq sevindirir". 

Çalışdırıcı komandaya dəstək olduqlarına görə azarkeşlərə təşəkkür edib: "Futbolçularımı təbrik edirəm. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Əvvəldən məlumat var idi ki, Bakıda nə cür hazırlıq gedir, azarkeşlə oyunu necə gözləyirlər. Buraya çoxlu azarkeş gəlmişdi. Demək olar ki, bir sektor dolu idi. Azarkeşlər sonadək bizimlə oldular. Onlara təşəkkür edirəm. Əlbəttə ki, futbolçular belə dəstəyə layiqdirlər. Azarkeşlərimiz isə daha böyük qələbəyə layiqdirlər. Çalışacağıq ki, onları sevindirək.

Qurbanov qeyd edib ki, heyətdəki bəzi problemlər səbəbindən oyunda çatışmazlıqlar olub: "Bəlkə də növbəti mərhələyə keçmək bəxti amili çatmadı. Bilirsiniz, mən elə yanvar ayından indiyədək fikirlərimi bildirirdim ki, bizə bir az ayaqüstə durmaq üçün vaxt lazımdır. Zədələlilərimiz də var idi. Futbolçuların hazırlığı daha yaxşı səviyyədə olsaydı, daha yaxşı nəticə əldə edə bilərdik. Xırda detallar bizə mane oldu.Yenə də əlimizdən gələni etməyə çalışdıq. Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik".

Mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında isə bunları söyləyib: "Əlbəttə ki, çox üzgünük. Daha çox futbolçularım üzüldülər. Bu oyunda qalib gəlmək üçün çox istəkli idilər. Meydanda 120 dəqiqə amansız mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Bura xeyli sayda azarkeşimiz gəlmişdi. Onlar bizə  inanaraq, güvənərək burada idilər. Əfsuslar olsun ki, penaltilər seriyasında uduzduq. Amma geriyə yolumuz yoxdur, irəliyə baxacağıq. Daha yaxşı komanda formalaşdırmağa, komandanın idman formasını daha da yaxşılaşdırmağa çalışdıracağıq".

O, futbolçulara müdafiədə oturmaq tapşırığı vermədiyini vurğulayıb: " Ümumiyyətlə, son zamanlar bunun üzərinə çox düşmüşəm ki, istənilən hesabda biz müdafiədə oturmağı düşünmürük. Sadəcə 90 dəqiqə eyni tempi, eyni oyunu göstərə bilmərik. Çünki qarşımızda ciddi rəqib var və istər-istəməz bəzən onlar bizi müdafiədə oturmağa məcbur edir. Ancaq buraxılan qoldan sonra yenə daha çox irəliyə atılmağa başladıq. Bizim komandada son vaxtlar rəqibdən asılı olmayaraq, müdafiədə oturmaq kimi anlayış yoxdur".