Hacı Əliyev Moskvadan qızıl medalla dönür

Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku Qran-prisi keçirilib.

Sportline.az xəbər verir ki, ənənəvi yarışda Azərbaycanı sərbəst güləş yığmasının üzvləri təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.

Noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizəyə start verilib. Ancaq ən yüngül çəkidə cəmi 2 iştirakçı olduğundan, bu kateqoriyada fərdi yarış keçirilməyib. Həmin gün Şərif Şərifov (97 kq) iranlı Məhəmməd Məhəmmədi üzərində əzmkar qələbə qazanıb - 5:4. Hacı Əliyev (65 kq) II Avropa Oyunlarının finalında məğlub etdiyi gürcüstanlı Vladimir Xinceqavilini növbəti dəfə üstələyib - 7:3. Beləliklə, hər iki güləşçi ertəsi gün Rusiya və dünya yığmasının qarşılaşmasında iştirak hüququ əldə edib.

Hacımurad Hacıyev (74 kq) ilk görüşdə gürcüstanlı Avtandil Kençadzeyə (2:12), Cəbrayıl Həsənov (86 kq) isə rusiyalı Məhəmməd Ramazanova (1:4) uduzub. Lakin yığma üzvləri bürünc medal əldə edib. Axşam seansında Hacıyev kubalı Kabalyero Qarzondan (7:2), Həsənov isə moldovalı Petr Yanulovdan (3:0) güclü olub.

Ötən gün həlledici qarşılaşmalar baş tutub. Əliyev son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. O, son saniyələrdə icra etdiyi uğurlu fəndlə 5:4 hesablı qələbəyə sevinib. Edişeraşvili yerli Ramiz Həmzətova (4:7), Şərifov isə Rusiyanın digər təmsilçisi Əlixan Cəbrayılova (2:5) yenilib.