Hemilton cəzalandırıldı
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1"də çıxış edən "Mercedes" pilotu Lüis Hemiltonu cərimələyib.
Sportline.az xəbər verir ki, səbəb britaniyalı sürücünün Avstriya Qran-prisində sarı bayraqlara məhəl qoymamasıdır. Qərara əsasən, 6 qat dünya çempionu start düzülüşündə 3 yer itirib.
Təsnifat mərhələsində baş vermiş insidentə ilk dəfə iyulun 4-də baxılıb. Stüardlar Hemiltonun arqumentlərini dinləyərək, onu cəzalandırmamağı qərara alıblar. Lakin bu gün "Red Bull" komandası təkrar etiraz edərək, titullu idmançının maşınında qurulmuş 360 dərəcəlik kamera görüntülərini təqdim edib. Həmin videoya əsasən, Hemiltonun iddia etdiyinin əksinə, paneldə yaşıl yox, sarı işıq yanıb. Beləliklə, britaniyalı pilotu cərimələməkdən imtinaya əsas göstərilən "siqnalların konflikti" həmin an olmayıb.
Bu gün Bakı vaxtı ilə saat 17:10-da start götürəcək Qran-pridə "Red Bull" pilotu Maks Ferstappen ikinci, "McLaren"dən Lando Norris üçüncü, Ferstappenin komanda yoldaşı Aleksander Albon dördüncü olacaq. Hemilton beşinci, onun "Mercedes"dəki komanda yoldaşı Valtteri Bottas isə birinci sırada qərarlaşacaq.