"İlk oyunu qazansaq da, işimiz bitməyib" - "Hapoel"in futbolçusu

“Hapoel”in (Beer-Şeva) qapıçısı Ofir Marsiano “Sabah”la oyundan əvvəl fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, qolkiper UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi keçirilən mətbuat konfransında qarşılaşmaya tam hazır olduqlarını bildirib:

"Özümüzü yaxşı hiss edirik və oyuna tam hazırıq. Bu qarşılaşmanın əhəmiyyətini və nə etməli olduğumuzu anlayırıq. Güclü rəqiblə qarşılaşacağıq, ona hörmətlə yanaşırıq, amma öz gücümüzə inanırıq. Meydana maksimum konsentrasiya ilə çıxmalı, oyunun vacib məqamlarını düzgün dəyərləndirməliyik. Bəlkə də şablon səslənir, amma meydanda əlimizdən gələnin ən yaxşısını etməli və dəqiq oynamalıyıq. İnanıram ki, hər şey yaxşı olacaq”.

Marsiano Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməyi böyük arzu adlandırıb:

“İnsanın həmişə arzuları olur. Çempionlar Liqasına yüksəlmək mənim və klubdakı hər kəsin həyatındakı ən xoşbəxt anlardan biri ola bilər. Amma biz hələ yolun yarısındayıq. İlk oyundakı 2:1 hesablı qələbədən sonra böyük bayram etmədik. Cavab oyunlarının nə qədər vacib olduğunu anlayırıq. İlk görüşdə qalib gəldiyimiz üçün sevinirik, amma işimiz hələ bitməyib”.

Xatırladaq ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.