İsgəndərlinin komandası "Ararat-Armenia"ya qarşı, "Neftçi" və "Sabah"ın rəqibləri dəqiqləşəcək
Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, Azərbaycan klublarının II raunddakı potensial rəqibləri cavab matçlarını keçirəcəklər.
Əvvəlcə "Sabah"ın mümkün rəqiblərindən olan Latviyanın RFŞ komandası Şimali Makedoniya təmsilçisi "Makedoniya"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. İlk oyunda latviyalılar minimal hesablı qələbə qazanıblar - 1:0.
"Neftçi"nin potensial rəqibləri olan Belarusun "Dinamo" (Minsk) klubu isə Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, Bakıda "Azersun Arena"da oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk matç bərabərliklə yekunlaşıb - 2:2.
Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya "Eqnatiya"sı Ermənistanın "Ararat-Armenia" komandasını qəbul edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək. İrəvandakı ilk dueldə 1:1 hesablı heç-heçə qeydə alınıb və azərbaycanlı yarımmüdafiəçi 59-cu dəqiqədə meydana daxil olmuşdu.