"Barselona" fanatları stadiona buraxılmaya bilər
İdmanda Dözümsüzlük, Xarici Düşmənliyi, İrqçilik və Şiddətə Qarşı Dövlət Komissiyası 116 futbol azarkeşinin cəzalandırılmasını tələb edib. SportLine.az "AS" nəşrinə istinadən xəbər verir ki, qurum "Herkules" - "Kastelyon" və "Rayo Valyekano" - "Barselona" matçından öncə azarkeşlər arasında yaşanan ixtişaşları əsas gətirib.
Qeyd olunub ki, "Rayo Valyekano" və "Barselona" komandaları arasında 3 noyabr tarixində keçirilən matçdan öncə baş verən insidentə görə 76 azarkeşin hər biri 6 min avro məbləğində cəzalandırılmalıdır. Həmin azarkeşlər, həmçinin, növbəti iki ildə stadionlara buraxılmamalıdırlar.
11 noyabrda təşkil olunan "Herkules" - "Kastelyon" qarşılaşmasında yaşanan insidentdə iştirak edən 38 azarkeş üçün də eyni cəzanın tətbiqi tələb olunub.
Bununla yanaşı, "Herkules" - "Kastelyon" oyununda 7 nəfərin yaralanması, üç nəfərin nəzarətə götürülməsi ilə nəticələnən hadisədə iştirak edən iki futbol azarkeşinin hər birinin 60 min avro məbləğində cərimələnməsi və onların növbəti beş ildə stadionlara buraxılmaması barədə qərar qəbul edilməsi tələb olunub.
Komissiyanın tələbləri ilə bağlı yekun qərarı məhkəmə verəcək.
Qurum, həmçinin, UEFA Avropa Liqasının növbəti turunda keçiriləcək "Betis" - "Olimpiakos" oyununu da yüksək riskli oyun kimi dəyərləndirib.