"Kəpəz" "Səbail"lə heç-heçəyə razılaşıb

Azərbaycan Premyer Liqasının XXVIII turunda "Kəpəz" "Səbail"lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşdə hesabı gəncəlilər açıb. Fasiləyə dörd dəqiqə qalmış Şevroni Mabatşoev fərqlənib. "Dənizçilər"i məğlubiyyətdən xilas edən qol isə 68-ci dəqiqədə vurulub. Dmitro Litvin baş zərbəsi ilə hesaba tarazlıq gətirib.

Qərb təmsilçisi 24 xalla doqquzuncu, Bakı klubu 19 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" (3:3) oyunlarında qalib müəyyənləşməyib.