Klublarımızın pley-off mərhələsində potensial rəqibləri bilindi
Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri bəlli olub.
Sportline.az xəbər verir ki, qitə futbol qurumunun təşkil etdiyi püşkatma zamanı “Neftçi” və “Sabah”ın mümkün rəqibləri müəyyənləşib.
“Ağ-qaralar” III raundda Türkiyənin “Beşiktaş” komandasını adlasa, “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.
“Sabah” isə III raundda Serbiya klubu “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə üz-üzə gələcək. “Sabah” – “Partizan” cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bundan bir həftə sonra baş tutacaq.