LAYİHƏ: Yada düşər xatirələr: veteranlar nə danışır, “Neftçi” onlar üçün nə deməkdir?

Bu il 80 yaşını qeyd edən “Neftçi” Azərbaycan futbolunun flaqmanı, lokomotividir. Düzdür, ölkəmiz müstəqilliyini elan edəndən sonra futbol səhnəsinə neçə-neçə iddialı klub çıxıb. Bu siyahıda “Qarabağ”ın xüsusi yeri var. “Köhlən atlar” son illərdə Azərbaycan futbolunun şəriksiz liderinə çevrilməkdədir. Həmçinin, müxtəlif illərdə, hələ keçmiş SSRİ dövründən mövcud olan “Kəpəz”  də Azərbaycan çempionatında boy göstərib, ölkəmizi avrokuboklarda təmsil edib. Onlardan başqa “Xəzər Lənkəran”, “Turan”, “İnter” və hazırda həvəskarlar liqasında çıxış edən “Bakı” ölkə futbolunda iz qoymağı bacarıb. Məhz bu klubların sayəsində Azərbaycan Premyer Liqasında gərgin mübarizə gedib, azarkeşlər daxili çempionatda, eləcə də avrokuboklarda unudulmaz qarşılaşmalar izləyiblər. Amma bütün bu məqamları nəzərə aldıqda belə, “Neftçi”nin Azərbaycan futbol tarixində özünəməxsus imzası, qoyduğu iz var. 

SportLine.az saytının “ “Neftçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində indiyə qədər təqdim etdiyi yeddi yazı da bu həqiqəti bir daha təsdiqləmiş oldu. Tarixi vərəqlədikcə görürük ki, “Neftçi”yə əbəs yerə “xalq komandası” deyilmir. SSRİ birinciliyində bütün maneələrə baxmayaraq, Azərbaycanı layiqincə təmsil etməyə çalışan “Neftçi” 1966-cı ildə qazandığı bürünc medallarla adını futbol tariximizə yazdırmağı bacarıb. Müstəqillik illərində Avropa kuboklarında ölkə reytinqinə yazılan ilk xal, qitəmiqyaslı yarışlarda qazandığımız ilk qələbə də, “Neftçi”nin adıyla bağlıdır. Avropa Liqasının qrup mərhələsinə yüksələn “Neftçi” “Birlik kuboku”nda erməniləri məğlub etməklə 20 yanvar faciəsinin ildönümü ərəfəsində böyük mənəvi qələbə qazanmışdı. Təsadüfi deyil ki, həmin turnirdə növbəti il yenidən “Neftçi”yə rəqib olan Ermənistan təmsilçisi növbəti biabırçılıqdan qurtulmağın yolunu meydandan qaçmaqda görmüşdü.

Azərbaycanda futbolla maraqlanan hər bir uşaq və yeniyetmə nə vaxtsa “Neftçi”nin heyətində oynamağı arzulayıb, özünü həmin o “ağ-qara” formada təsəvvür edib. Bunu xatirələrini bizimlə bölüşən futbol veteranları da təsdiqlədilər. Futbolumuzda iz qoymuş tanınmışların böyük əksəriyyəti məhz “Neftçi”ylə tanınıb, xalq tərəfindən sevilib. Bu baxımdan onların hansını dindirsən, təəssüratları və xatirələri oxşar olur. Təəssüf ki, 1966-cı ildə yazılan tarixin iştirakçısı olanları indi dinləmək, onların fikirlərini oxucularımıza çatdırmaq qeyri-mümkündür. "Bürünc" heyətin üzvü Kazbek Tuayev tapmaq da bizə nəsib olmadı. Bu səbəbdən də, həm gənc nəsil, həm də təcrübəli azarkeşlər üçün maraqlı sayılacaq iki müsahib seçdik. 

Nazim Süleymanov: “Səməd Qurbanov sarı vərəqə aldı və məni “Spartak”la oyuna çağırdılar”

Azərbaycan futbolunun ən parlaq simalarından olan Nazim Süleymanov oxucularımız üçün öz xatirlərini belə bölüşdü: 

“Neftçi”də oynamaq o dövrlər futbolçu olmaq istəyən hər kəsin ürəyində ən böyük arzu idi. O cümlədən də mənim. Sumqayıtda asfalt üzərində topun dalınca qaçanda özümü “Neftçi”nin formasını geyinmiş kimi hiss edirdim, xəyalən həmin dövrün məşhurları ilə mübarizə aparırdım. Televizorda “Neftçi”nin oyunlarına böyük maraqla baxırdım. Allaha şükürlər olsun ki, bu şərəfli formanı geyinmək, “Neftçi”də oynamaq mənə də qismət oldu. Amma bu arzuma çatmaq elə də asan başa gəlmədi. Peşəkar futbola doğru ilk addımları Mingəçevirdə “Avtomobilçi”də atmağa başladım. 1982-ci ildə həm o komandada oynayırdım, həm də 10-cu siniftə oxuyurdum. “Avtomobilçi” və “Xəzər Lənkəran” SSRİ çempionatının 2-ci dəstəsində 9-cu zonada çıxış edirdi. Lənkəran klubunun baş məşqçisi Kazbek Tuayev mənim oyunumu görüb, bəyənmişdi. Mövsüm bitən kimi Tuayev “Neftçi”yə dəvət aldı və daha sonra məni ora çağırdı. Mənimlə birlikdə həmin il Camaləddin Əliyev və Yaşar Vahabzadə “Neftçi”yə çağırılmışdı. 1983-cü ildən 1990-cı ilə qədər “Neftçi”nin şərəfini qorudum. Komandanın çox yaxşı heyəti var idi və biz Güclülər Dəstəsində mübarizə aparırdıq. Bununla da, mən uşaqlıq arzuma çatmış oldum. “Ağ-qaralar”la bağlı o qədər xatirələrim, unudulmaz oyunlar var ki...



İlk oyunumu indiyə qədər xatırlayıram. 1983-cü ilin avqustun 23-də Moskvada, “Lujniki” stadionunda “Spartak”a qarşı oynadıq. Əvvəlcə mən əvəzedici heyətin futbolçusu sayılırdım. Taleyin qisməti elə oldu ki, “Spartak”la oyun ərəfəsində Səməd Qurbanov ikinci sarı vərəqəni almışdı və cəzalı duruma düşmüşdü. Bu səbəbdən də məni əsas komandaya dəvət etdilər və “Spartak”la oyunda meydana çıxdım. Moskvada “Rossiya” mehmanxanasında Asim Xudiyevlə bir otaqda qalmışdım. Asim Xudiyev klubda komsomol təşkilatının rəhbəri idi. Otaqda mənə təklif etdi ki, gəl səni komsomola üzv qəbul edək. Mən də razılaşdım. Bu səfər mənim üçün həmin vaxt bu məqamla da yaddaqalan oldu. 

Sonralar isə Səməd Qurbanovla otaq yoldaşı oldum. Məşqçilər korpusu da bizi bir otağa yazanda daha təcrübəli Qubanova tapşırdılar ki, qoy gənc Nazim səndən öyrənsin, səninlə birlikdə püxtələşsin. 1984-cü ilin noyabrında Bakıda “Spartak”ı qəbul edirdik, 0:2 uduzduq. Həmin gün Səməd Qurbanov böyük futbolla vidalaşırdı. “Neftçi”nin heyətində sonuncu oyununu keçirən Qurbanov öz formasını mənə hədiyyə etdi. 



1986-cı ildə Meksikada dünya çempionatı keçirilirdi. Kiyev “Dinamo”sunun futbolçularının böyük əksəriyyəti SSRİ yığmasının üzvləri idi. Onlar çempionatda az oyun keçirmişdilər. “Spartak” 1-ci, Tbilisi “Dinamo”su 2-ci yerdə gedirdi. Biz “Dinamo”dan cəmi 1 xal az toplamışdıq və 3-cü pilləni tuturduq. Mayın 25-də “Dinamo” ilə Bakıda qarşılaşdıq. İnandırım sizi, biz həmin mövsüm 1966-cı ilin uğurunu təkrarlaya bilərdik. İlk hissəni biz 2:1 öndə bitirdik. Qollardan birini mən, digərini penaltidən Ponomaryov vurmuşdu. Təəssüflər olsun ki, gürcülərin heyətində çıxış edən Qazzayev fasilədən sonra dublunu rəsmiləşdirdi və oyun heç-heçə yekunlaşdı. Bizim uğurumuzu istəməyənlər çox idi. Məhz onların əngəlləri sayəsində mükafatçılar sırasına düşə bilmədik. 

1989-cu ildə isə elitanı tərk etdik, aşağı dəstəyə yuvarlandıq. 89-cu ilin mövsümünü bütövlükdə “Neftçi”ylə birlikdə birinci dəstədə oynadım, 90-cı ildə isə mövsümün yarısında mən Moskvaya yollandım. 



“Neftçi” mənim üçün həmişə zirvədə olan bir klub, doğma kollektivdir. “Neftçi”nin adı gələndə xarici ölkələrdə dərhal Azərbaycan yada düşür. Deməli, “Neftçi” həm də Azərbaycandır, onun bir dəyəridir. İnanıram ki, bu dəyər həmişə yüksəklərdə olacaq. Azarkeşlərini sevindirəcək, ölkə futboluna bundan sonra da xidmət edəcək”.

Arif Əsədov: “Neftçi”yə gələndə 15 yaşım var idi...”

SSRİ seçmə komandasının heyətində dünya və Avropa çempionu olmuş Arif Əsədovun “Neftçi” ilə birlikdə əldə etdiyi uğurlar da yetərincədir. “Ağ-qaralar”ın həm əsas, həm də əvəzedici heyəti Əsədovun rəhbərliyi altında ölkə çempionluğunu bayram ediblər. Arif bəy də həyatının ayrılmaz parçası olan “Neftçi” barədə həvəslə danışdı, xatirələrini təzələdi:

Mən “Neftçi”yə gələndə cəmi 15 yaşım vardı. 1985-ci ildə “Neftçi”yə dəvət aldım. Ona qədər SSRİ-nın seçmə komandasında çıxış edirdim. Müxtəlif yaş qruplarında təcrübə toplamışdım. Amma Azərbaycanın bir nömrəli komandasına çağırılmaq mənim üçün yeni bir həyəcan, əlavə məsuliyyət idi. “Neftçi”nin heyətində qısa fasilələrlə 8 il çıxış etdim. 1993-cü ildəki gedişim isə, bir qədər uzun alındı. “Neftçi”dən Rusiya çempionatına yollandım, Vladiqafqaz “Spartak”ında çıxış etdim. İki il sonra geri qayıtdım. 1996 və 97-ci illərdən “Neftçi”nin formasını geyindim. Sonra yenidən legioner həyatı yaşadım. Bu dəfə yolum “Tümen”lə kəsişdi. Oradan da “Anji”yə yollandım. 2000-ci ildə Azərbaycana qayıtdım, müəyyən müddət “Qarabağ”da çıxış etdim. Cəmi bir mövsüm sonra yenidən “Neftçi”yə qayıtdım və karyeramı orda bitirdim. 


 

"Neftçi"də oynayanda başımıza belə bir maraqlı hadisə gəlmişdi. Əhməd Ələsgərovun baş məşqçi olduğu vaxt I dəstədə iki səfər oyununa yollanmışdıq. Əhməd müəllim bu iki oyunda azı 4 xal qazanacağımızı düşündürdü. İlk oyun Riqada "Dauqava" ilə idi, ikincisi isə Sankt-Peterburqda "Zenit"lə. "Dauqava" autsayder idi və oyunlar iki gün fasilə ilə keçirilirdi. Riqadakı oyunu gözlənilmədən uduzduq - 1:3. Ondan sonra hamı Ələsgərovdan gizlənməyə çalışırdı. Çox əsəbləşmişdi, kimi görürdü acılayırdı. Sankt-Peterburqda aeroportda, oteldə onun gözünə görünməməyə çalışırdıq. Axşam xəbər gəldi ki, Əhməd Ələsgərov hamını ayrı-ayrılıqda otağına çağırır. Fikirləşdik ki, görəsən nə baş verib? Getdim, mənə bir zərf  uzatdı. Rəhmətlik 4 xala görə nəzərə tutulan mükafatı zərflərin içinə qoymuşdu. Dedi ki, alın mükafatları, uduzsaz bunları geri alacam. Amma baxın, mükafat geri qayıdası olsa, sizin üçün pis olacaq. Zərfi açıb, məbləği öyrənməyə də qorxurduq. Səhəri gün oyuna çıxdıq və "Zenit"i 1:0 udduq və mükafatlar da özümüzə qaldı.

Məşqçi kimi də ilk addımları bu komanda atdığım üçün xüsusi ilə fəxr edirəm. 2008-ci ildə əvəzedici komanda ilə uğurlu çıxış etdik və təsadüfi deyil ki, 2009-cu ildə, yəni mövsümün sonunda çempion olduq. Daha sonra əsas komandanı qəbul etdim. Heyətdə əvəzedicilərdən tanıdığım xeyli istedadlı gənc futbolçu var idi. 2010/11-ci il mövsümündə “Neftçi” mənim rəhbərliyim altında uzun müddətdən sonra qızıl medallar qazandı. Bir gənc mütəxəssis kimi mənim üçün də böyük uğur idi. 2013-cü ildən 2014-cü ilin yayına kimi yenidən “Neftçi”ni çalışdırdım, ölkə kubokunun finalına vəsiqə qazandıq. Futbolçu kimi də 3 dəfə “Neftçi”nin heyətində çempion olmuşam, iki dəfə kubok qazanmışam. 

“Neftçi” mənim kayeramda əvəzsiz yer tutur. 1985-ci ildə əvəzedici heyətdə çıxış edirdik. 2 il sonra əsas komandada debüt etdim. “Kuzbas”a qarşı oyunda 17 yaşımda meydana çıxdım. Bu qarşılaşma SSRİ kuboku çərçivəsində keçirilirdi. Unudulmaz oyun idi. Qazandığım uğurların hər biri mənim üçün yaddaşımda silinməz izlər buraxıb. Heç bilmirəm indi hansından bəhs edim. 



“Neftçi” mənim üçün doğma evdir. Orada uşaq futbolundan böyük futbola keçid etmişəm, möhkəm təməllər üzərində durmağı öyrənmişəm. Orada oynamayanda belə “Neftçi”ni özümə doğma bilmişəm, komandanın nəticələri üçün həyacan keçirmişəm. İndi də eyni cür hissləri keçirirəm. Baxmayaraq ki, “Neftçi”dən 3 ilə yaxındır ayrılmışam, bu doğmalıq davam edir. Arzu edirəm ki, ölkə futbolunun flaqmanı öz layiqli yerinə qayıtsın, “qara zolaq”dan tez çıxsın. Bu komanda Azərbaycan futbolu üçün baza rolunu oynayıb, bir çox istedadlar yetişdirib. Prosesin davamı gəlməli, “ağ-qaralar”ın heyətində yeni adlar üzə çıxmalıdır. Azərbaycan futbolunda “Neftçi”nin xüsusi yeri var. Uzun müddət bizim futbolumuzu “Neftçi” ilə tanıyıblar. İddialı, yüksək hədəflər uğrunda yarışan “Neftçi” görmək hər birimizin arzusudur. 

Futbolçu kimi karyeramı “Neftçi”də başlamışdım, elə orada da bitirdim. Çox istərdim ki, məşqçilik fəaliyyətimdə də belə olsun. Artıq ilk addımları atmışam, müəyyən uğurlar qazanmışam. Bu işimə davam etmək, “Neftçi” ilə daha böyük uğurlar qazandıqdan sonra karyeramı bitirməyi arzulayıram.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.