Metehan Başar: "Azərbaycan güləşçilərini qardaşlarımız kimi görürük"

Türkiyəli yunan-Roma güləşçisi Metehan Başar Azərbaycan millisi ilə keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Sportline.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı "Anadolu" agentliyinə açıqlamasında hazırlıq prosesinin hər iki yığmaya faydalı olduğunu bildirib.

29 yaşlı güləşçi koronavirus pandemiyası səbəbindən məşq ortağı tapmaqda çətinlik çəkdiklərini vurğulayıb: "Azərbaycan yığmasının buraya gəlməsi çox yaxşı oldu. Hazırda komandamızın vəziyyəti yaxşıdır. Bu il Tokioda Yay Olimpiya Oyunları keçiriləcək. Orada daha çox idmançı ilə təmsil olunmaq istəyirik. Hədəfimiz əlbəttə ki, qızıl medallar qazanmaqdır".

Metehan Başar Azərbaycan və Türkiyənin qardaş ölkə olduğunu söyləyib: "İdmandan əlavə iki ölkə arasında qardaşlıq əlaqəsi var. Onları başqa ölkənin vətəndaşları kimi yox, qardaşlarımız və buradakı yığma üzvləri kimi görürük. Onlar da eyni düşüncədədirlər. Dostluq mühitindəyik. Hamı bir-birinə köməklik edir".

Qeyd edək ki, yanvarın 17-də Azərbaycan və Türkiyənin yunan-Roma güləşçiləri Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə mübarizəyə qoşulacaq.