Nataliya Sinişin: "Əldə etdiyim nəticəyə görə xoşbəxtəm"

Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycanın aktivinə növbəti bürünc medalı yazdıran güləşçi Nataliya Sinişin təəssüratlarını bölüşüb. SportLine.az idmançının müsahibəsini təqdim edir:

- Əvvəlcə sizi təbrik edirəm. Mübarizə necə getdi?

- Hər şey yaxşı oldu. Əldə etdiyim nəticəyə görə xoşbəxtəm. Olimpiya Oyunlarında istənilən medal böyük uğurdur. 

- İlk rəqibiniz üçqat Olimpiya çempionu Saori Yoşida idi. Püşk çıxışınıza təsir etdi?

- Ola bilsin ki, təsir etdi. Ümumiyyətlə, ilk görüş həmişə çətin olur. Yeni çəkimə uyğunlaşmaq üçün vaxt lazım idi. İlk görüşdə yaponiyalı güləşçi ilə qarşılaşmağım isə buna çətinlik yaratdı. Yaxşı olardı ki, ilk görüşdə daha münasib rəqiblə qarşılaşaydım.

- Uğuru kimə həsr edirsiniz?

- Qızım evdə məni gözləyir. Medalı ona həsr edirəm. Hələ balacadır. Amma mənim üçün həyəcanlanır, darıxır... Həmçinin, üç il öncə itirdiyim atama həsr edirəm. O, Olimpiadada mükafat qazandığımı görsəydi, fərəhlənərdi. ğuruma görə federasiyaya, məşqçilərimə - Semyon Şiterevə, Nazim Əlicanova və şəxsi məşqçim olan həyat yoldaşıma təşəkkür edirəm. Bütün doğmalarıma, azarkeşlərimə, Azərbaycana təşəkkür edirəm ki, mənə inanırdılar, dəstək verirdilər. Bütün bunların xalça üzərində köməyi dəyirdi. Bu dəstəyi hiss edəndə tam fərqli olur. Güləşməyə çıxanda onları məyus etməməyə çalışırsan.

- İstərdiniz, qızınız da sizin kimi güləşçi olsun?

- Xeyr. Qızımın idmançı olmağını istəmirəm. Onun mənim qədər əziyyət çəkməsi ilə razı ola bilmərəm.

Mükafat alandan sonra sizə bayrağın verilməməsi ilə bağlı xəbərlər yayılıb...

vaxt çox az idi. Mükafatlandırma, digər görüşlər, həmçinin dopinq yoxlanışı üçün çox az zaman qalmışdı. Bizim azarkeşlərimiz isə tribunada yuxarı yerlərdə oturmuşdular. Bu üzdən bayrağı mənə çatdıra bilmədilər. Onlar bayrağı mənə verəndə isə artıq gec idi, vaxt qalmamışdı. Buna üzülürəm. Çox istəyirdim ki, Azərbaycan bayrağı ilə orda dövrə vurum. Bu yolla ölkəmizə təşəkkür etmək istəyirdim. Bunu həyata keçirmədiyim üçün üzr istəyirəm.

Səmayə Məmmədova
GİN-in mətbuat katibi