“Neftçi” nə üçün Tbilisi “Dinamo”su və “Ararat” qədər böyük uğurlar qazana bilmədi?

“Neftçi” nə üçün Tbilisi “Dinamo”su və “Ararat” qədər böyük uğurlar qazana bilmədi?

Hələ keçmiş SSRİ dövründən bəri, Azərbaycan daim müxtəlif sahələrdə Qafqazın digər respublikaları ilə güzəştsiz rəqabət aparıb, bütün göstəricilər Ermənistan və Gürcüstanla müqayisə olunub. İndiyə qədər də bu ənənələr qorunur. Bir çox sahələrdə bizim erməniləri və gürcülləri qabaqlamağı bacardığımız şübhəsizdir. Təəssüflər olsun ki, futbolda belə olmayıb. Düzdür, ötən əsrin 30-cu illərindəki durum heç də bundan xəbər vermirdi. Amma sonradan Azərbaycan futbolu Ermənistan və Gürcüstanla paralel inkişaf edə bilmədi. Bunda SSRİ-yə rəhbərlik edənlərin ikili standartlardan çıxış etməsi, Azərbaycana qarşı daim ayrı-seçkilik siyasətinin tətbiq olunması böyük rol oynayıb. Bu yazımızda tarixə yeni bir baxış bucağından nəzər salmağa çalışacağıq.

Başlanğıc ümid verirdi...

1937-ci ilin martında həyata vəsiqə qazanan “Neftyanik” ilk rəsmi oyununu məhz ermənilərə qarşı keçirib. Həmin oyunda “Neftyanik”in vurduğu birinci qol və qazandığı ilk qələbə tarixə “qızıl hərf”lərlə yazılıb. 1937-ci ilin 24 mayında Pavel Ştırlin İrəvan təmsilçisi “Dinamo”nun qapısına 87-ci dəqiqədə yol tapmaqla bu tarixi uğura imza atıb. Xatırladaq ki, bu qarşılaşma SSRİ kubokunun 1/64 final mərhələsində keçirilib. Düşünmək olardı ki, ermənilər və gürcülər üzərindəki bu uğurumuz davamlı olacaq. Çünki həmin turnirin 1/32 finalında rəqibimiz Gürcüstanın Batumi şəhərinin təmsilçisi “Dinamo” olur və “Neftyanik” onları da yolundan kənarlaşdırmağı bacarır. Amma daha artığını bacarmaq mümkün olmur.

“Xalq komandaları”nın müqayisəsi

Gürcülərin fəxrinə çevrilən Tbilisi “Dinamo”sunun yaranma tarixi 1922-ci ildən hesablanır, “Neftçi”dən nə az – nə çox, düz 15 il əvvəl. “Ararat” da “Neftçi”dən 2 yaş böyükdür. Amma bu üç komandanın qazandığı uğurlara baxanda, müqayisə olunmaz dərəcədə fərq üzə çıxır ki, bu fərqi də bütünlüklə “Dinamo”yla “Ararat”ın daha əvvəl yaranması ilə  əlaqələndirmək doğru olmaz.



1964-cü ildə ilk dəfə SSRİ çempionu olan “Dinamo” 1981-ci ilə qədər 10 müxtəlif əyarlı medal qazanmağı bacarır. 17 ilə 10 medal heç də pis göstərici deyil. Ümumilikdə, gürcülər SSRİ çempionatında 20 dəfə mükafatçılar sırasına düşüblər. Bunların da ikisi qızıl, beşi gümüş, 13-cü  bürünc medallardır. İki dəfə SSRİ kubokunu başı üzərinə qaldıran “Dinamo” daha 6 finaldan məğlub ayrılıb. 1981-ci ildə qazanılan Kuboklar Kuboku isə, Gürcüstan futbolunun ən böyük uğurudur.

“Ararat”ın da aktivində 1973-cü ildə qazanılan SSRİ çempionluğu, 71 və 76-cı illərin “gümüş”ü var. Həmin dövrdə yüksəlişdə olan İrəvan təmsilçisi qısa müddətdə iki dəfə SSRİ kubokunu da “özəlləşdirə” bilib. Bundan başqa, “Ararat” 1954 və 76-cı ildə finalda uduzub.



“Neftyanik” 1966-cı ildə SSRİ çempionatında bürünc medallar qazananda ermənilərin heç medalı yox idi. Sonradan bizimkilər bu uğurun davamını gətirə bilməyiblər. Yazımızın davamında biləcəksiniz ki, bu heç də təsadüfi olmayıb. Hələlik isə, “Neftyanik”in SSRİ çempionatındakı nailiyyətini bir daha xatırlayaq. 1966-cı ildə qazandığımız “bürünc” “Neftyanik”in SSRİ çempionatları tarixində qazandığı yeganə medaldır. Növbəti illərdə bir-neçə dəfə ən azı bu uğuru təkrarlamağa yaxın olsaq da, medal qazana bilməmişik. Bəzi mövsümlərdə “Neftçi” çempionatın ilk dövrəsini fantasik keçirib, sonradan eniş başlayıb. Əksər hallarda isə “ağ-qaralar”ın medala gedən yolunu “səfər sindromu” kəsib. “Neftçi” səfər oyunlarında gözlənilmədən autsayder komandalara belə uduzmağı “yaxşı bacarırmış”. SSRİ kubokunda da vəziyyət oxşar olub. Xüsusilə, 1966-cı ildən sonra “Neftyanik” kuboku qazanmağa xeyli yaxınlaşıb. Belə ki, 1967, 1968, 1970 və 1971-ci ildə “Neftyanik” SSRİ kubokunun finalının bir addımlığında dayanıb. Həmin illərdə düz dörd dəfə ½ final bizim üçün keçilməz olub.

Mütəxəssis deyir: “Ararat”ın uğurlarında “Neftçi”nin 5 yetirməsi pay sahibidir

Veteran futbolçu və uzun müddət dövlət televiziyasının idman redaksiyasında çalışmış Çingiz İsmayılov Sportline.az-ın sorğusuna cavabında həm ötən günləri xatırladı, həm “Neftçi”nin “Dinamo” və “Ararat” qədər mükafat qazana bilməməsinin səbəblərindən danışdı:

“Razıyam ki, “Neftçi”nin qazandığı uğurlar “Dinamo” və “Ararat”dan xeyli geri qalır. Hətta müqayisə etmək belə çox çətindir. Gürcülərin həmişə istedadlı futbolçuları olub və onlar “Dinamo”ya sadiq qalıblar, komandanı uğura daşımaq üçün alışıb-yanıblar. Bizdə isə durum fərqli idi. Amma, inanın mənə ki, bu acı mənzərə heç də səbəbsiz deyil. Başlayaq ondan ki, “Ararat”ın qazandığı uğurlarda elə Azərbaycan futbolunun, Bakıda fəaliyyət göstərən mütəxəssislərin böyük xidməti var. Mirzoyan, Markarov, Anderaysan, Babayan və Baqdasarov “Ararat”ın onurğa sütununu təşkil edən futbolçular olub. SSRİ çempionatında “at oynadan” vaxtlarında “Ararat”ı bu beş futbolçu olmadan təsəvvür etmək mümkünsüz idi. Həmin adamları erməni məşqçilər yetişdirməmişdi. Hamısı Bakıda, “Neftçi”in aşağı yaş qruplarında hazırlıqlara başlamış, futbolun sirlərini burda öyrənmişdilər. Eduard Markarov “Neftçi”nin bürünc medal qazanan heyətində də çıxış edirdi. Bu haqda hamının məlumatı var. Azərbaycan futbolunun düzgün seçilmiş inkişaf siyasəti nəticəsində yüksəlişə başlaması erməniləri çox narahat edirdi. Onlar dərhal hərəkətə keçdilər. Məqsəd Bakıda böyümüş, püxtələşmiş həmin futbolçuları bizim əlimizdən almaq, “Neftçi”dən qoparmaq idi. Ordan təklif gələn kimi, ermənilər Bakını tərk edib İrəvana qaçdılar. Bu böyük bir siyasət idi: “Neftçi”ni zəiflədib,  “Ararat”ı gücləndirmək. Anderasyanı burdan əmisi “oğurladı”. Onun əmisi “Şirak” Leninakanda məşqçi idi. Qardaşı oğlunu əvvəl yanına apardı, ordan da Anderasyanı “Ararat”a çağırdılar. Sonradan Anderasyan özü “Ararat”ın məşqçisi də oldu. 



Daha bir vacib məqama diqqət yetirək. Bakıda həmin vaxtlar idmançıya ciddi adam kimi yanaşmırdılar. Valideynlər övladlarının idmançı yox, polis, həkim, prokuror, mühəndis, müəllim olmasını istəyirdilər. Amma idmana, futbola ehtiyatla yanaşırdılar. Düşünürdülər ki, idmanda onların uşaqları zədələnə bilər. Bundan başqa mentalitetlə bağlı problemlər də var idi. İdmançıya qeyri-ciddi, savadsız bir adam kimi baxılırdı. Deyirdilər ki, futbolçu “şortda qaçan kişi”di, onlara gülürdülər. Bunu aradan qaldırmaq üçün sonradan qərar verildi ki, istedadıyla fərqlənən futbolçuları ali məktəblərə imtahansız qəbul etsinlər. Bütün bu problemlərlə yanaşı bürokratik əngəllər var idi. Azərbaycanlılara hər sahədə əngəl törədilirdi. Bunun nəticəsi idi ki, “Neftçi”nin heyətində ermənilər və ruslar üstünlük təşkil edirdi. Onlar da bir az məşhurlaşan kimi Bakıdan qaçırdılar, ya Moskvaya, ya da İrəvana üz tuturdular. Zərbə isə “Neftçi”yə dəyirdi, hər dəfə heyət dəyişikliyə məruz qalır, işə “0”dan başlanılırdı. Heyətin azərbaycanlılaşdırılmasına Xəlil Məmmədovun gəlişindən sonra qərar verildi. Məqsəd də məhz sabitliyin əldə olunması idi. O İdman Komitəsinin sədri olmamışdan əvvəl Respublikanın Daxili İşlər naziri vəzifəsində çalışmışdı. Məmmədov şərt qoydu ki, “Neftçi” də bölgələrdə fərqlənən futbolçuların sayı artırılsın. Mingəçevirdən, Gəncədən, Tovuzdan gələnlər özlərini heç də pis göstərmirdilər. Xəlil müəllim özü seleksiya işlərinə nəzarət edirdi. 

Bunun nəticəsi idi ki, 80-ci illərin ortalarına doğru bizdə yeni-yeni gənclər üzə çıxırdı. Tərlan Əhmədov, Vladislav Qədirov, Arif Əsədov, İqor Ponamoryov SSRİ yığmasının heyətində fərqlənməyi belə bacarırdılar. Alekandr Jidkovu biz min əziyyətlə Azərbaycana gətirmişdik. Onu əsgərlik adıyla ordu klubuna aparmaq istəyirdilər. Biz onu tibb universitetinin sanitariya fakultəsinə qəbul etdirdik ki, əsgərliyə getməsin. Həmin vaxtlar bu universitetdə oxuyanları əsgər aparmırdılar.

Təsadüfi deyil ki, uzun illərdən sonra “Neftçi” 1987-ci ilə ilk “onluğa” düşə bildi, 9-cu yeri tutdu. Gələcəyimiz daha yaxşı olacaqdı. Amma təəssüf ki, həmin vaxtlar Ermənistanla Azərbaycan arasında münasibətlər gərginləşdi, sonra da Sumqayıt hadisələri baş verdi. Bakıda yaşananları bəhanə edən SSRİ Futbol Federasiyasının rəhbərliyi “Neftçi”yə ev oyunlarını doğma meydanda keçirməyə imkan vermədi. Növbəti çempionatda komandamız ilk dövrədə rəqiblərini Rusiyanın müxtəlif şəhərlərində qəbul edirdi, Bakıya və azarkeşlərimizə həsrət qalmışdıq. Əminliklə söyləyirəm ki, bu hadisələr olmasaydı, həmin komanda SSRİ çempionatında mükafatçılar sırasına adını yazdıracaqdı. Heyətimizdə yetərincə istedadlı futbolçular var idi. Vəziyyətin düzələcəyinə ümid etsək də, hər şey daha pisə doğru gedirdi. Sonrasını isə hamımız bilirik”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.