“Neftçi” avrokuboklarda: ilklər, rekordlar və antirekordlar - LAYİHƏ

Sergey Kramarenkonun “Neftçi”dən və Azərbaycandan gedişindən sonra “ağ-qaralar”ı daha çətin günlər gözləyirdi. Komandanın “sükanı” qısa müddətə Böyükağa Ağayevə, ondan sonra, gənc Vaqif Sadıqova tapşırıldı. Amma bir çox dəyişikliklərə baxmayaraq “Neftçi” ilə AFFA arasında problemlər bitmək bilmirdi...

“Savaşın” ikinci pərdəsi və...

Müstəqil Azərbaycan bir çox sahələrdə olduğu kimi, 90-cı illərin ortalarına doğru futbolda da Avropa və dünyaya inteqrasiya etməyə başladı. FİFA və UEFA-ya üzvlüyə cat atan Azərbaycanda 1993-cü ildə çempionatın yeni sistemdə keçirilməsinə qərar verdi. Məqsəd Avropanın bir çox ölkələrində tətbiq olunan sistemə uyğunlaşmaq idi. Bununla da, ölkə klublarının gələcəkdə avrokuboklara daha yaxşı hazırlaşması, ölkəni layiqincə təmsil etməsi hədəflənirdi. “Payız-yaz” sistemi ilə keçirələcək çempionat iki dövrədən ibarət olacaqdı. “Neftçi” də həmin çempionata səylə hazırlaşırdı.

Vaqif Sadıqov komandanın özəyini, yəni, təcrübəliləri qorumaq şərti ilə gənclərə şans verdi və döyüşkən kollektiv yaratmağı bacardı. Amma, qərb təmsilçilərinin ölkə futbolundakı hegemonluğunun qarşısını almaq çətin idi. “Neftçi” ilə yanaşı “Qarabağ”la “Xəzər” mükafatlara iddia etsələr də, “Turan” və “Kəpəz” daha güclü görünür, həm meydanda, həm də, ondan kənarda qızıl uğrunda güzəştsiz mübarizə gedirdi. Birinci dövrə nisbətən sakit məcrada keçsə də, fasilədən sonra qalmaqallar bir-birini əvəz etməyə başladı. Xüsusilə də, Gəncə və Tovuz səfərləri rəqiblər üçün qorxulu yuxu idi. Tovuzda “Turan”la oyunda baş verənlər “Neftçi” – AFFA savaşının ikinci pərdəsinin əsasını qoydu. Meydan sahiblərinin oyunun 85-ci dəqiqəsində qapıçı Elxan Həsənova qarşı kobud oynamaqla hesabı açması qonaq komandanın ciddi etirazlarına rəvac verdi. AFFA-nın təhlükəsizliyi təmin etmək üçün heç bir tədbir görməməsi, etirazları qulaqardına vurması “Neftçi”nin “Kəpəz” və “Avtomobilçi” ilə oyunlara çıxmaqdan imtina etməsiylə nəticələndi. Ardıcıl gələn iki texniki məğlubiyətdən sonra isə, AFFA “Neftçi”ni çempionatda və ölkə kuboku uğrunda yarışda oynamaqdan məhrum etdi. Bütün bu çək-çevir, münaqişələr “Neftçi”nin ardıcıl ikinci dəfə mükafatsız qalması demək idi.

Artıq Azərbaycan UEFA-nın tamhüquqlu üzvünə çevrildiyindən ölkə çempionu “Turan” UEFA kubokunda oynamaq hüququ qazanır və hər iki görüşdə “Fənərbaxça”ya “quru” hesabla uduzur. İstanbuldakı görüşdə Azərbaycan çempionunun qapısına 5 cavabsız top vuran türklər Sumqayıtda 2 dəfə fərqlənirlər. 

... UEFA-nın tələbi ilə gələn sülh

Növbəti il “Neftçi” AFFA-nın bayrağı altında keçirilən çempionata yalnız 3-cü turdan qatılmağa razılıq verir. “Xalq komandası” AFFA-nın keçirdiyi çempionata alternativ olan Peşəkar Futbol Liqasında yarışsa da, UEFA-nın tələbləri və işə ciddi qarışmasından sonra AFFA ilə barışıq əldə olunur. 

Həmin vaxt Vaqif Sadıqovun “əlinin altında” Azərbaycan üçün yetərincə güclü sayılan heyət var idi. Elxan Həsənov, Arif Əsədov, Vyaçeslav Lıçkin, Samir Ələkbərov, Yunis Hüseynov, Yaşar Vahabzadə, Mehman Yunusov, Bəxtiyar Musayev kimi futbolçuların adları indiki nəsil azarkeşlərə belə çox şey deyir. Mövsümün sonunda 3-cü yeri tutan “Neftçi” ölkə kubokunun qalibi olmağı bacardı. Bu nəticə isə, ölkəmizi çempion “Kəpəz”lə birlikdə Avropada təmsil etməyə imkan verirdi. Gəncəlilərin qitə kuboklarında debütü uğursuz alındı. Hər iki oyunda meydanı məğlub tərk edən “Kəpəz” ümumilikdə qapısından 9 top buraxmış, bunlardan yalnız birinin əvəzini çıxmışdı. Ölkənin ən qocaman klubu sayılan “Neftçi”nin qarşısında çətin tapşırıq dayansa da, “flaqman” tarix yazmaq vəzifəsinin öhdəsindən gələ bildi.

Azərbaycan üçün ilk xal 

Kuboklar Kubokuna qatılan “Neftçi”nin rəqibi Cənubi Kipr təmsilçisi APOEL olur. Azərbaycandan gələn nümayəndə heyətini kifayət qədər aqressiv qarşılayan kiprlilər oyun zamanı tribunalarda Türkiyə və Azərbaycan bayraqlarını yandırmaqdan belə çəkinmirlər. “Neftçi” ağır psixoloji təzyiqlərin fonunda,  Nikosiyanın “GSP” stadionundakı oyundan 0:3 məğlub ayrılır. Bu oyundan iki həftə sonra, yəni 1995-ci ilin 24 avqustunda Sumqayıtın “Mehdi Hüseynzadə” adına stadionunda “Neftçi” APOEL-lə qarşılaşır və oyunda hesab açılmır. Azərbaycan təmsilçisi bununla, həmin vaxta qədər avrokuboklarda keçirilən 6-cı qarşılaşmada, ilk dəfə meydanı məğlub olmadan tərk etməyi bacarır. 

1995-96-cı il mövsümünü “qızıl dubl”la başa vuran “Neftçi” ölkəmizi UEFA kubokunda təmsil edir. 1996-cı ilin iyulun 17-də “Tofiq Bəhramov adına Respublika stadionu”nda Boqarıstan paytaxtı Sofiyanı təmsil edən “Lokomotiv”i 2:1 hesabıyla məğlub edən “Neftçi” adını ölkə futbolunun tarixinə yazdırır. Vidadi Rzayevlə Yaşar Vahabzadənin qolları sayəsində qazanılan qələbə Azərbaycan üçün avrokuboklarda qazanılan ilk uğur kimi əlamətdar idi. Təəssüf ki, cavab görüşündə 0:5 hesablı yenilgi mərhələ adlamağa imkan vermir.

Növbəti mövsüm yenidən “Neftçi”ni daxili çəkişmələr, qalmaqallar gözləyirdi. AFFA-nın qəribə sistemlə keçirdiyi çempionat sayəsində uzun müddət Azərbaycan çempionunun “Qarabağ”, yoxsa “Neftçi” olduğunu müəyyənləşdirmək mümkün olmadı. Sonda UEFA-dan gələn qərar “Neftçi”nin əsl çempion olduğunu, Azərbaycanı ilk dəfə Çempionlar Liqasında məhz paytaxt klubunun təmsil edəcəyini qətiləşdirdi. Amma, zəifləmiş “Neftçi” üçün qitənin ən nüfuzlu yarışında debüt uğursuz alındı. Bakıda Polşa təmsilçisi “Vidzev”ə 0:2 hesabıyla uduzan Azərbaycan çempionu Lodzdakı oyunda qapısından düz, 8 cavabsız top buraxdı.

Növbəti mövsüm avrokuboklara qatıla bilməyən “Neftçi” iki il sonra UEFA kubokunda Yuqoslaviya təmsilçisi “Srvena Zvezda” ilə qarşılaşdı. 12 avqust 1999-cu ildə Bakıda keçirilən qarşılaşma, oyunu izləyən azarkeşlərin xatirində silinməz izlər buraxdı. Belə ki, Vadim Vasilyevin 27 və 65-ci dəqiqələrdə vurduğu qollar sayəsində 2:0 önə keçən “ağ-qaralar” bundan sonra qısa müddət ərzində topu üç dəfə tordan çıxarmalqla, ovuclarının içində olan qələbəni rəqibə hədiyyə etdilər. Səfər oyunda da minimal hesablı məğlubiyyət “Neftçi”nin ilk mərhələdəcə Avropayla vidalaşması demək idi.

Ondan sonra “Neftçi” ardıcıl iki mövsüm UEFA kubokunda Sloveniyanın “Hit-Qoritsa” klubuna rəqib oldu. Kor püşkün bizə iki dəfə rəqib etdiyi Sloveniya təmsilçisini ilk qarşılaşmanın elə 1-ci dəqiqəsində Müşfiq Hüseynovun vurduğu qol sayəsində məğlub edən təmsilçimiz səfərdə 1:3 hesabıyla uduzdu. Növbəti mövsüm Kazbek Tuayevin “Neftçi”yə qəfil dönüşü də, bu səddi keçməyə yetmir. Bakıda qolsuz heç-heçə, Sloveniyada isə, minimal hesablı məğlubiyyət “xalq komandası”nın Avropayla iki illik vidalaşması anlamına gəlirdi. Çünki, növbəti iki ildə Azərbaycan futbolunda baş verən təlatümlər ölkəmizin UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması ilə nəticələndi.

Azərbaycan futbolunda yeni nəfəs

Klublarla AFFA rəhbərliyi arasında gərginliyin son həddə çatması ölkə çempionatının yarıda qalması ilə nəticələndi. UEFA uzun müddət tərəfləri barışdırmağa, çempionatın yenidən keçirilməsinə çalışsa da, nə klublar geri çəkilirdi, nə də AFFA onları “yumşaltmaq üçün” geri addım atırdı. Nəticədə, Azərbaycan qeyri-müəyyən müddətə UEFA üzvlüyündən kənarlaşdırıldı, klublarımızın avrokuboklarda iştirakına qadağa qoyuldu. Yeganə istisna millimizin seçmə mərhələdəki iştirakı idi. Amma növbəti seçmə mərhələsnin püşkünə qədər barışıq əldə olunmasaydı, vəziyət daha da ciddiləşəcəkdi. Bu acı reallığı dərk edən tərəflər mübahisənin sonsuza qədər davam edə bilməyəcəyini, güzəştin qaçılmaz olduğunu anladılar. Həm UEFA-nın, həm də ölkə rəhbərliyinin səyləri nəticəsində "buzlar əriməyə başladı” və 2003-cü ilin yaz aylarında Azərbaycan futboluna yeni nəfəs gətirmək mümkün oldu. Nəticədə böyük futbol ölkənin yaşıl meydanlarına qayıtdı.

2003-cü ilin mayın 17-də start götürən ölkə çempionatını “Neftçi” 1-ci pillədə başa vurdu və Azərbaycanı növbəti dəfə Çempionlar Liqasında təmsil etmək hüququna yiyələndi. Həmin mövsüm “Neftçi”yə yeni rəhbərliyin gəlişi, özü ilə böyük ruh yüksəkliyi və özünəinam gətirmişdi. Təsadüfi deyil ki, Rövnəq Abdullayevin “Neftçi”yə prezident vəzifəsinə gəlişi ilə “xalq komandası” 7 illik fasilədən sonra qızıl medalları, 5 illik fasilədən sonra ölkə kubokunu qazandı. “Qızıl dubl” etmək üçün isə, düz 9 il gözləmək lazım gəlmişdi. Elə həmin mövsüm “ağ-qaralar” yeni bir ilkə də imza atdılar. Azərbaycan çempionu ölkə futbolunun tarixində ilk dəfə Çempionlar Liqası turnirində mərhələ adladı. Bosniya və Hersoqovina çempionu “Şiroki Briyeq”ə səfərdə 1:2 hesabıyla uduzan “Neftçi”yə mərhələni keçmək üçün Bakıda Emin Quliyevin qolu sayəsində qazanılan 1:0 hesablı qələbə kifayət etdi. Növbəti mərhələdəki rəqib isə daha ciddi idi. Moskva MOİK-i ilə Bakıdakı oyun qolsuz bərabərliklə başa çatsa da, səfərdə 0:2 hesablı məğlubiyyətdən qaçmaq mümkün olmadı.

Növbəti mövsümdə “Neftçi” yenidən Azərbaycan çempionu kimi qitənin ən nüfuzlu klub turnirinə qatılır və ilk mərhələdəki rəqibi – İslandiya təmsilçisi “Hafnarfyordur”u iki oyunda da (2:0, 2:1) məğlub etməyi bacarıq. Amma Belçikanın nüfuzlu “Anderlext” klubunu keçmək mümkün olmur. Səfərdəki 0:5 hesablı yenilginin əvəzi Bakıda 1:0-la çıxılsa da, bu, ümumi qələbə üçün yetərli deyildi.

Avrokuboklarda Azərbaycana ilk xalı və ilk qələbəni qazandıran, Çempionlar Liqasında ilk dəfə mərhələ adlayan “Neftçi” 2008-ci ilin yayında daha bir uğura imza atır. Həmin ilin yayında UEFA-nın İntertoto kubokuna qatılan “xalq komandası” ardıcıl iki dəfə mərhələ keçir. Slovakiyanın “Nitra” və Belçikanın “Jerminal” komandalarını yolundan kənarlaşdıran “Neftçi” Rumıniya təmsilçisi “Visla”nı da keçə bilsəydi UEFA kubokuna qatılmaq hüququ əldə edəcəkdi. Təəssüf ki, Bakıda 2:1 hesabıyla qalib gəldiyimiz rumınlara səfərdə 0:2 uduzmaqla bu arzumuzun üzərindən xətt çəkdik. 

İlk dəfə qrup mərhələsində

Bununla belə, “Neftçi” 2012-2013-cü il mövsümündə Azərbaycan çempionu kimi qatıldığı avrokuboklarda yeni bir tarix yazmağı bacardı. ÇL-nin 2-ci təsnifat mərhələsində Gürcüstan “Zestafoni”sini keçmək elə də çətin olmadı. İsrailin Kiryat Şmona şəhərini təmsil edən “Hapoel”i mübarizədən kənarlaşdırmaqla, ən azı Avropa Liqasının qrup mərhələsində oynamağı təmin etmək mümkün idi. Amma, elə ilk qarşılaşmadaca arzularımızın üzərindən xətt çəkildi. Belədə “ağ-qaralar” tarixi fürsəti əldən verməmək üçün APOEL-lə duellərdən qalib çıxmağa məcbur oldular. “Neftçi” həm də kiprlilərdən 17 il əvvəlin qisasını almalı idi. Və “Neftçi” bunu bacarmaqla əbəs yerə Azərbaycan futbolunun flaqmanı olmadığını isbatlaya bildi. 

Mərdəkandakı “Dalğa Arena”da keçirilən ilk görüş 1:1 hesablı bərabərliklə başa çatdığından hər şeyə cavab oyununda aydınlıq gələcəkdi. Çoxları Bakıda qol buraxan “Neftçi”nin işinin səfərdə çətin olacağını, daha təcrübəli Cənubi Kipr təmsilçisinin qrup mərhələsinə yüksələcəyini desə də, Böyükağa Hacıyev və onun komandası bunun əksini etdi. Bizə tanış olan Nikosiyanın “GSP” stadionunda qazanılan 3:1 hesablı möhtəşəm qələbə yeni tarixin yazılmasını rəsmiləşdirdi. Azərbaycan təmsilçisi ilk dəfə Avropa kuboklarının qrup mərhələsində oynamaq hüququ qazandı. Təsadüfi deyildi ki, bu ilkin də altında “Neftçi”nin imzası var idi. Gələn yazılarımızda “Neftçi”nin qrup mərhələsindəki çıxışına daha ətraflı toxunacağıq.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir