“Neftçi” Avropa Liqasının qrup mərhələsində - Ən yeni tarix

Ötən yazımızda qeyd etdiyimiz kimi, “Neftçi” əsl “xalq komandası” missiyasına uyğun olaraq, avrokuboklarda bir çox ilklərə imza atmağı bacardı. Qitə miqyaslı yarışlarda Azərbaycanın “daxılına” ilk reytinq xalını yazdıran “ağ-qaralar” Sofiya “Lokomotiv”ini məğlub etməklə avrokuboklarda qələbə qazanan ilk klubumuz oldu. Görünür, taleyin qisməti idi ki, 1994-cü ildən başlayan avrokubok yolumuzun növbəti zirvəsinə də ilk dəfə məhs “Neftçi” yüksəldi.

Qrup mərhələsi arzusunun reallaşması

2011-ci ildə “Neftçi” nəhayət ki, çempionluq həsrətinə son qoymağı bacardı. Sadıq Sadıqovun klub prezidentliyinə gəlməsindən sonra simasını dəyişən, iddialarını artıran “xalq komandası” qızıl medalları qazanandan dərhal sonra növbəti hədəf açıqlandı: Qrup mərhələsində iştirak. Amma “kor püşk” Çempionlar Liqasının təsnifat mərhələsində “Neftçi”nin qarşısına elə ilk mərhədəcə mümkün rəqiblərdən ən çətinini çıxardı. Xorvatiya çempionu “Dinamo” “Neftçi” üçün keçilməz rəqib idi. Zaqrebdəki ilk qarşılaşma böyük hesablı məğlubiyətlə yekunlaşdı – 0:3. Bakıdakı qolsuz heç-heçə isə zəif təsəllidən başqa heç nəyə yaramırdı. Avrokuboklardakı uğursuzluqdan sonra baş məşqçi Arif Əsədov postunu Böyükağa Hacıyevə təhvil verdi və Hacıyevli “Neftçi” ardıcıl ikinci dəfə Azərbaycanın ən güclüsü olmağı bacardı. Deməli, ötən il mümkün olmayan tapşırığın öhdəsindən gəlmək üçün əla fürsət var idi.

Bu dəfə püşk “daha insaflı oldu”. Gürcüstan çempionu “Zestafoni” Zaqreb “Dinamo”su deyildi. Gözlənildiyi kimi, “Neftçi” ilk oyunda rəqibini asanlıqla məğlub etdi. Cavid İmamverdiyevlə Vobay 22 və 24-cü dəqiqələrdə gürcüləri məyus etdi, Kanales isə sona yarımsaat qalmış darmadağını rəsmiləşdirdi. 3:0 hesablı qələbə “Neftçi”ni xeyli rahatlaşdırmışdı. Bunun nəticəsi idi ki, cavab qarşılaşması bizim üçün elə də yaxşı başlamadı. Arxayınçılıq tezliklə yerini narahatlığa verdi. Çünki gürcülər erkən qol vurmuş, üstəlik aramsız hücumlarla “Neftçi”ni çətin vəziyətə salmışdılar. Vobayın 22-ci dəqiqədə hesabı bərabərləşdirməsi komandanı və azarkeşləri xeyli rahatlatdı. Gürcüstan çempionu turu keçmək üçün “Neftçi”ni daha 3 dəfə məyus etməli idi. Bu isə, inandırıcı görünmürdü. Cavab qolundan sonra özünə inamı artan “ağ-qaralar” Bakıya 2:2 hesablı bərabərliklə dönməyi bacardılar.

Növbəti rəqib isə nisbətən ciddi idi. Bununla belə, kimsə “Neftçi”nin ilk görüşdəcə “ağ-bayraq” qaldıracağını, İsrailin Kiryat-Şimona şəhərini təmsil edən “Hapoel”ə 0:4 hesabı ila uduzacağını gözləmirdi. Bakıda məğlubiyyətin əvəzini çıxmaq mümkün olmadı, amma 2:2 hesablı bərabərlik Azərbaycan çempionunu az da olsa özünə qaytardı, futbolçular toparlanmağı bacardılar. Çempionlar Liqasının qrupuna yüksəlmək arzusu reallaşmasa da, mübarizə davam edirdi. Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün bircə səddi keçmək tələb olunurdu. Üstəlik Kipr təmsilçisi APOEL-lə 1995-ci ildə yarımçıq qalmış hesabımız var idi...

“Dalğa Arena”da keçirilən ilk oyun “Neftçi” üçün heç də asan olmadı. Rəqibin ad-sanı, bir il əvvəl Çempionlar Liqasında iddialı çıxışı psixoloji təsirini göstərirdi. 82-ci dəqiqədə Mahir Şükürov penaltidən hesabı açsa da, kiprlilər heç bir dəqiqə keçməmiş cavab qolunu vurdular. Deməli, bütün suallara Nikosiyadakı “GSP” stadionunda aydınlıq gələcəkdi. 2012-ci il avqustun 8-də bütün futbolsevərlərimizin diqqəti bu arenaya yönəlmişdi. Təəssüflər olsun ki, oyun Azərbaycan tele-məkanında canlı yayımlanmadı. “Neftçi” tarixi qarşılaşmaya bu heyətlə çıxmışdı: Stamenkoviç, Mitreski, Rəşad Sadiqov, Flavinyo, Vobay, Kanales, Ramos, Bertuççi, Mahir Şükürov, Cavid İmamverdiyev, Elvin Yunuszadə. Sonrakı dəqiqələrdə Araz Abdullayev, Mirhüseyn Seyidov və Tərlan Quliyev də bu tarixi qarşılaşmada oynamaq imkanı qazandılar. Kiprlilər məsələyə fasiləyədək aydınlıq gətirmək istəsələr də, bunun əksi baş verdi. Cavid İmamverdiyev 22-ci dəqidə gözəl qolla “GSP” stadionunu susdurdu. 8 dəqiqə sonra isə, Vobay fərqi ikiyə çatdırdı. Azərbaycandan gələn qonaqları didib-parçalamağa hazır olan kiprlilər Selim Benaçorun qoluyla ümidlənsələr də, Flavionyo 60-cı dəqiqədə “Neftçi”nin 3-cü qolunu vurmaqla məsələni bitirdi. Və budur, “Neftçi” Azərbaycan futbolu tarixində yeni səhifə açır, qrup mərhələsinə adını yazdırır.

Avropanın yenidən tanımağa məcbur olduğu “Neftçi”

Qrup mərhələsində “Neftçi”nin rəqibləri məşhur İtaliya klubu “İnter”, Rusiya təmsilçisi “Rubin” və Serbiyanın iki “nəhəngindən” biri- “Partizan” idi. Düzdür, “ağ-qaralar” qup mərhələsində qələbəyə həsrət qaldılar. Amma həmin dövr üçün qrup mərhələsinin debütantından böyük uğurlar da gözlənilmirdi. “Neftçi” qrupda qələbə qazana bilməsə də, 3 xal toplamağı bacardı. Maraqlıdır ki, bu xallardan ikisi səfər oyunlarında qazanılmışdı. “Ağ-qaralar” Belqraddan 0:0, Milandan isə 2:2 hesablı bərabərlikdə döndülər. “Partizan”la Bakıdakı oyunda 10-cu dəqiqədə Flavinyonun qoluyla önə keçən “Neftçi” ilk qələbəni də qazana bilərdi, amma serblər cavab qolunu vurmağı bacardılar və oyun 1:1 hesabıyla yekunlaşdı. Bu nəticələr “Neftçi”ni Avropaya bir daha tanıtdırdı. “Köhnə qitə”də anladılar ki, Azərbaycan çempionu qrup mərhələsinə turist kimi qatılmayıb və istənilən rəqibi büdrətməyə, ondan xal almağa qadirdir. Həmin ildə qazandığı uğurlarla “Neftçi” digər Azərbaycan klublarının qruplara yolunu açdı, hər kəsi inandırdı ki, bizim təmsilçilərimiz də, qitə kuboklarında qruplara yüksəlməyi, ordakı rəqiblərlə eyni səviyyədə çıxış etməyi bacarar.

Tahir Süleymanov: “Bakıya tarix yazan “Neftçi” ilə döndük”

Sözsüz ki, hər bir hadisənin təəssüratlarını o günləri yaşamış, proseslərin bilavasitə iştirakçısı olmuş şəxsdən öyrənmək daha məqsədəuyğundur. Biz də, bu niyyətlə, həmin dönəmlərdə “Neftçi”nin vitse-prezenti vəzifəsində çalışan, klubun qazandığı uğurlarda böyük pay sahibi olan Tahir Süleymanova xatirələrini təzələmək xahişi ilə müraciət etdik. Süleymanov SportLine.az oxucusu üçün həmin tarixi günlərdə yaşananları belə anlatdı:

“Neftçi”ni “Gede dönəmi”ndən sonra çox bərbad durumda qəbul etdik. Komanda uğursuz çıxış edir, məğlubiyyətləri sıralayırdı. Buna baxmayaraq, heyətdə 15-ə yaxın aldığı pula layiq olmayan yüksək ödənişli legioner var idi. Üstəlik, klubdan qovulan alman baş məşqçi Gede və futbolçular bizə qarşı FİFA-da milyonlarla ölçüləcək təzminat davası açmışdılar. Çox ağır durum idi. Bilirdik ki, çətin vəziyyətdə klubu qəbul etmişik və tarixi kökü olan “Neftçi”ni qısa zamanda uğurlara daşımalıyıq. Çətinliklərdən şikayət etmədən, bəhanələr gətirmədən quruculuq işlərinə başladıq. İlk dövrlər çox ağır idi. İdeya, təfəkkür baxımından maneələrlə üzləşirdik. Tam əminliklə deyirəm, bəxtimiz onda gətirdi ki, “Neftçi”yə yeni prezident, Sadıq Sadıqov təyin olundu. İddiası, barışmaz mövqeyi, nəticə qazanmaq həvəsi, klubun 3-5 illik strategiyası ilə bağlı fikirlərimiz tam üst-üstə düşürdü. Dərhal yeni sistemdə rəhbərlik, məşqçilər heyəti, legioner, yerli futbolçuların formalaşdırılmasına start verdik. Son 6 mövsümdə uğur qazanmayan “Neftçi”də çempionluğu minimum hədəf götürdük. Əsas, Avropada nəticə qazanmaq idi. Dərhal mətbuat konfransı keçirərək klubun hədəflərini açıqladıq və “Neftçi”ni qruplara daşıyacayıq” iddiasını ortaya qoyduq. Həmin vaxtlarda ictimaiyyət tərəfindən fikirlərimiz utopik, həll olunmayacaq iş kimi qəbul olundu. Bunun da səbəbləri var idi. 2004/05-ci il mövsümündən klublara böyük pullar yatırılırdı, amma heç bir klub ciddi uğur qazanmamışdı. Futbolda, klublarda olan funksioner, məşqçilər öz uğursuzluqlarını ört-bastır etmək üçün ictimaiyyəti inandırmışdılar ki, Azərbaycanda futbol oynaya bilmirlər və nəticələr bir-iki mərhələdən o tərəfə keçə bilməz. Hətta dünya səviyyəli Toni Adams klublarımızın 2020-ci ildə qruplara çıxa biləcəyini bildirmişdi. Belə psixoloji durumda tarixi uğura çatmaq asan deyildi. Bizi isə yolumuzdan heç kim döndərə bilməzdi.

2010/11-ci il mövsümündə yeni qurduğumuz heyətlə dərhal çempion adını qazandıq və “Neftçi”yə, özümüzə olan inamı artırdıq. Növbəti mövsüm də çempion olduq. İki il ardıcıl uğur qazanmağımıza baxmayaraq, qruplara çıxmaq üçün daha güclü heyətimiz olmalı idi. Rəhbərlik və məşqçilərlə birgə qərarımızla, çempion heyətin 70 faizini dəyişmək qərarına gəldik. Etiraf edim ki, çox riskli addım idi. Yeni gələn futbolçular dərhal Çempionlar Liqasının oyunlarına qatılacaqdılar. Uyğunlaşmaq üçün vaxt yox idi. Bunu nəzərə alaraq, seleksiya işində çox həssas, daha peşəkar və məsuliyyətli davranmalı idik. Komandaya Kanales, Vobay, Rəşad Sadiqov, Ramos, Bertuççi kimi futbolçuları çəlb etdik. Digər tərəfdən prinsiplərimizə sadiq qalaraq öz yetirmələrimizi çəkinmədən heyətə qatırdıq. Gənclərimiz – Araz Abdullayev,  Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev, Emin Mehdiyev və digərləri də start heyətdə yer almağa hazır idilər.

Püşkatmada ilk rəqibimiz Gürcüstan çempionu "Zestafoni" oldu. Təlim-məşq toplanışında çox ağır durumla üzləşdik. Baş məşqçi Böyükağa Hacıyev ağır xəstələndi. Təcili əməliyyat olunmalı idi. Bir tərəfdən Çempionlar Liqasının məsul oyunları, digər tərəfdən baş məşqçimizin durumu. Böyükağa müəllimi təcili Moskvaya əməliyyata yolladıq. "Neftçi" baş məşqçisiz qaldı. Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə operativ toplantı keçirdik. Qərar qəbul olunmalı idi. Komandanın baş məşqçisiz qalması rəqibə də psixoloji üstünlük verirdi. İlk növbədə mənəvi tərəfi nəzərə aldıq. Peşəkarlıq baxımından çətin addım olmağına baxmayaraq, klubda olan rəhbərlik-məçqçi-futbolçu münasibətlərini bir daha analiz etdik və yolumuza baş məşqçisiz davam etməyə qərar verdik. Rəhbərlik olaraq çox ağır məsulliyyətin altına girdik. Təsəvvür edin, “Zestafoni” üzərində qələbə olmasaydı nələr baş verəcəkdi?! Özümüzə, məçqçi, futbolçulara inanırdıq. Belə dözülməz psixoloji durumda güclü “Zestafoni”nin qapısından yeni heyətimizlə 3 cavabsız top keçirdik. Artıq ikinci mərhələni düşünmək olardı. İsrail səfəri çox ağır keçdi. Gürcüstan bölgəsinə ağır səfər, ikinci mərhələdə ilk oyunun rəqib meydanda keçirilməsi futbolçularda bir qədər yol yorğunluğu yaratmışdı. Buna baxmayaraq komanda özünə çox inamlı idi. “Hapoel”lə oyun “Neftçi”nin tam üstünlüyü ilə başladı. Səfər oyununda minimum heç-heçə olacağına əminlik var idi. Acınacaqlı halla üzləşdik. Qapımıza gələn hər top demək olar ki, qolla nəticələndi. İsraillilər özləri belə, oyundan sonra nəticənin belə alınacağına inanmadıqlarını deyirdilər. Qəza baş vermişdi. Səbəbləri dərhal və qətiyyətlə araşdırılımalı idi. Azərbaycana dönüşümüzü gözləmədən oteldə təcili toplantı keçidik. Sadıq Sadıqovun razılığı ilə Güloğlan Cabbarovla birlikdə məşqçilər korpusu və klub rəsmilərini bir araya yığdıq. Gözlənilməz məğlubiyyətin səbəbləri araşdırıldı. Mən, Güloğlan Cabbarov, Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev, Nebo (qapıçılar üzrə məşqçi), Gündüz Addaszadə, Mübariz Xudiyev və maliyyə departamentinin üzvlərinin yekdil rəyi ilə qərar qəbul edilərək klub prezidentinə rəsmi təqdimat olundu. Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilən növbəti operativ toplantıda qəbul olunan qərarlar təsdiqləndi. 
Qarşıdan daha çətin, Avroliqanın “pley-off” oyunu gəlirdi.

Bakıya döndükdən sonra Saşa Stamenkoviçi start heyətə qatmaqla, Mahir Şükürovu da komandaya gətirdik. Baş məşqçimiz də əməliyyatdan uğurla çıxaraq geri dönmüşdü. “Pley-off”da isə, qarşımıza Çempionlar Liqasının 1/4 finalında “Real” Madridlə qarşılaşmış Kipr APOEL-i çıxdı. İlk oyunda Bakıda bərabərə qaldıq. Səfər oyunu öncəsi "Neftçi"nin uğuruna heç kim inanmırdı. Tam səfərbər olmuşduq. Gördüyümüz işə, yığdığımız heyətə inanırdıq. Azarkeşlər stadionda cəhənnəm yaratmışdılar. Hələ oyundan öncə mətbuat konfransında Böyükağa Hacıyevin ona verilən: “sabah tribunalarda 25-30 min Yunan-Kipr bayraqları dalğalanacağından qorxmursunuz”  sualına cavab olaraq: “sabah biz ürəyimizdə Azərbaycan - Türk bayraqları ilə meydana çıxacağıq” deməsi böyük ajiotaj yaratmışdı. Tribunalarda erməni bayraqları da var idi. Rəhbərlik tərəfindən qəbul olunmuş qəti qərarlar məçqçi və futbolçuların məsuliyyətini daha da artırmış, futbolçular meydana özünə inamlı, qisas hissi ilə çıxmışdılar. Birinci hissədə Rəşad Sadiqov, Vobayın qolları azğınlaşmış azarkeşləri, rəqib futbolçuları çökdürmüşdü. Tribunadan meydana kənar əşyalar atılır, komandamıza inanılmaz təzyiqlər göstərilirdi. Flavinyonun 3-cü qolu isə, Azərbaycan futbolunda tarixi uğuru yaxınlaşdırırdı. Oyundan sonra stadionda olan atmosferi sözlə çatdırmaq mümkün deyil. Bizimlə birgə Kiprə yollanan 15-ə yaxın jurnalistlərimizə də təzyiqlər olmuşdu. Görüşdən sonra çılğın yerli azarkeşlər məğlubiyyəti həzm edə bilmir, tribunaları tərk etmirdilər. Polislə ciddi qarşıdurma yaranmışdı. 3-4 saat stadionu tərk edə bilmirdik. Tarix isə artıq yazılmışdı. Sevinc, qürur hissini sözlə ifadə etmək mümkünsüzdür. Həmin gecə Bakı kücələrinə axışan azarkeşlərimizin fərəh, sevinc hissi nəyə desəniz dəyərdi. Futbol içtimaiyyəti qarşısında verdiyimiz sözə əməl edərək Bakıya tarix yazan “Neftçi” ilə dönürdük.

Qarşıda Azərbaycanı, Bakını ilk dəfə olaraq qrup oyunları gözləyirdi. Qrupda yer alan dünya nəhəngi Milan "İnter"inin ilk dəfə ölkəmizə rəsmi oyuna gəlməsi başqa aləm idi. Oyuna iki həftə qalmış biletlər satılıb qurtarmışdı. Hətta 80-ə yaxın italyan azarkeşləri VİP tribunaya keçirərək onlar üçün T.Bəhramov adına stadionda nəzərdə turulmuş 1 və 2-ci sektorların biletlərini də satışa çıxardıq. 32 min azarkeşin doldurduğu tribunalardan əlavə 10 mindən çox azarkeş stadionun qarşısında qalmışdı. “Neftçi” Azərbaycan futbol tarixində bir ilkə imza atmaqla klub büdcəsinə də milyonlar qazandırmışdı. Qrupun ilk turunda Belqradda “Partizan”la heç-heçə edən komandamız, son oyunu Milanda məşhur “San Siro”da keçirirdi. Möhtəşəm oyunda “Neftçi”, nəhəng rəqibi ilə layiqli futbol sərgiləyərək 2-2 hesabı ilə bütün dünyaya səs saldı. Tarixdə ilk dəfə qrupda çıxış edən “Neftçi” qapını möhkəm çırparaq Azərbaycan futboluna, klublarımıza olan inamı artırdı, yol göstərdi”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir