Neymarın transfer məsələsi gərginləşir

“Barselona” PSJ-nin hücumçusu Neymarın transferindən imtina edib.

Sportline.az xəbər verir ki, “Globo Esporte”nin iddiasına görə tərəflər arasında avqustun 29-da keçirilən danışıqlarda razılıq əldə olunmayıb. Kataloniya klubu PSJ-yə 130 milyon avro, həmçinin 3 futbolçusunu – Jan-Klera Todibo (icarə), İvan Rakitiç və Usman Dembeleni (daimi əsasda) təklif edib. PSJ-ni hər üç oyunçu qane etsə də, parislilər “Barselona”dan daha çox pul istəyib. Bu şərti isə “Barselona” qəbul etməyib. Nəticədə danışıqları yekunlaşdırmaq qərarı verilib.

Mənbə bildirir ki, “Real” da hazırda Neymara görə danışıqlar aparmır.

Əlavə edək ki, sentyabrın 2-də Avropada transfer pəncərəsi bağlanır.