"Niyə belə alındığını biz də başa düşə bilmirik"
“Oyuna yaxşı başladıq. Erkən qol vurduq. Ondan sonra da qol epizodları yaratdıq. Lakin yaxaladığımız fürsətləri boşa verdik”.
Sportline.az xəbər verir ki, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Ayxan Hüseynov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Estoniyanın “Payde” klubuna qarşı keçirilən cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, 1:1-lik heç-heçəni belə şərh edib: “İkinci hissədə bir anlıq boşluq verdik. Rəqib də bundan faydalandı. Hesab bərabərləşdikdən sonra da hücumlarımızı davam etdirdik. Yenə də qol epizodlarımız oldu. Bilmirəm bu, bəxtsizlikdir, ya nədir. Məncə, qələbə qazanmalı idik. Lakin futbolda belədir. Epizodları dəyərləndirə bilmirsinsə, qalib gəlmək mümkün deyil”.
27 yaşlı futbolçu komandada tələskənlik olması fikri ilə razılaşıb: “Biz özümüz də niyə belə alındığını başa düşə bilmirik. Zərbələr var idi. Lakin heç cür top qapıdan keçmədi. Rəqib qapıçı da yaxşı oynadı”.
A.Hüseynov sondakı mübahisəli epizoda da toxunub: “Orda göründü ki, top rəqibin qoluna dəydi. Lakin VAR sistemi olmadığı üçün hakim qərarını dəyişmədi”.
Futbolçu öz çıxışını belə dəyərləndirib: “Zirə”nin futbolçusu olmaq mənim üçün xoşdur. Rəşad Sadıqovla söhbətimiz olmuşdu. Bu gün mənə oynamaq imkanı verdi. Yaxşı şanslarım da oldu. Yenə də üzərimdə işləməliyəm. İnkişaf etmək üçün artırmağım mütləqdir”.
O, “Turan Tovuz”la avrokuboklara vəsiqə qazansanız da, qismətinizdə “Zirə” ilə bu turnirdə çıxış etmək var imiş. Bu haqda keçmiş komanda yoldaşlarınızla söhbətiniz olub?” sualını belə cavablandırıb: “Turan Tovuz” barədə danışmaq istəmirəm. O komanda həmişə mənim ürəyimdədir”.