Qara Qarayev: "Bu, oyunumuza mənfi təsir edə bilər"

Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev Şimali İrlandiya səfəri öncəsi SportLine.az saytının suallarını cavablandırıb. Futbolçu Belfast sınağı ərəfəsində komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirib: "Hər şey qaydasındadır. Çexiyadakı uğurlu çıxışdan sonra komandada yüksək inam var. Ümid edirəm, bu inam hissi Şimali İrladiya ilə görüşdə də köməyimizə gələcək. Çalışacağıq ki, bu səfərdən də uğurlu nəticə ilə qayıdıb, yüksək əhval-ruhiyyəni davam etdirək".

Bu dəfəki səfər əvvəlkilərdən fərqlənir. İlk dəfədir, milli komandamız 3 oyundan sonra 7 xal toplayıb və qrupdan çıxmaq şanslarımız da yüksək qiymətləndirilir. Bu da milli komanda üzərində məsuliyyət hissini artırır. Qara Qarayev isə təzyiqin komandaya mənfi təsir edə biləcəyini deyib: "Düşünürəm, təzyiq oyunumuza təsir edə bilər. Buna görə, gərək, böyük məsuliyyət hiss etməyək. Rahat olub öz oyunumuzu oynamalıyıq. Bundan əvvəlki görüşlərdə də üzərimizdə təzyiq yox idi, rahat oynadıq və uğur qazandıq. Qrupdan çıxmaq haqda fikirləşmirik. Düşünürəm, bu cür də davam etməliyik. Qarşıda hələ çox oyunlarımız var. Düzünü desəm, Dünya çempionatına vəsiqə qazanmağa böyük ümidim yoxdur. Çünki bir komanda qrupdan çıxır, digəri pley-off oynayır. Ancaq Şimali İrlandiya səfəri ili major notlarla bitirmək üçün vacibdir. Uğurlu nəticə FİFA reytinqində irəliləməyimizə də kömək olacaq. Əsas məqsədimiz isə 2020-ci il Avropa çempionatının final mərhələsinə yüksəlməkdir. Bu baxımdan, bu seçmə mərhələdəki nəticələrin də əhəmiyyəti böyükdür. Şimali İrlandiya səfərində uğurlu nəticə qazana bilməsək belə, komandaya inanmaq və dəstək olmaq lazımdır".

Xatırladaq ki, Şimali İrlandiya - Azərbaycan duelinin start fiti 11 noyabr, Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.