"Qarabağ"ın Belçika planı
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Gent” ilə qarşılaşacaq “Qarabağ” fevralın 21-də Belçikaya yollanacaq.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisini Gentə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi "KAA Gent" stadionunda ağdamlıların media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.
Qeyd edək ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da baş tutacaq.