"Qarabağ"ın rəqibində qalmaqal: Baş məşqçi klub rəhbərliyinə qarşı
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika "Gent"ində qalmaqal yaşanıb.
Sportline.az xəbər verir ki, klubun baş məşqçisi Heyn Vanhazebruk ölkə çempionatının 24-cü turunda "Genk"ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra "Gent"in transfer siyasətini tənqid edib. O, məğlubiyyətin səbəbini klubun keyfiyyətli futbolçular almamasında görüb:
“İyirmi il ərzində "Gent"də əsas komandaya neçə futbolçu keçib? Onları on iki barmaqla saymaq olar. "Genk"in isə ehtiyatda çoxlu futbolçusu var. Buna görə də bəlkə də bu il 5-ci dəfə çempion olacaq. Bizim bəzi futbolçularımız isə bu səviyyədə oynamağa hazır deyil. “Genk” hər il yüksək səviyyəli oyunçularla heyətini gücləndirir. Hətta bizim də yaxşı oyunçularımızı transfer edə bilirlər. Biz isə menecerlər vasitəsilə oyunçu gətiririk. Sonra isə fəxrlə deyə bilərik ki, Haiti və İordaniyadan bir oyunçu almışıq".
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə keçiriləcək