Qrizmann məsələsində gərginlik artır

"Atletiko" sabiq futbolçusu Antuan Qrizmannın transferi ilə bağlı La Liqaya və İspaniya Futbol Federasiyasına müraciət edib.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu iddia edir ki, Kataloniya təmsilçisi fransalı hücumçunun transferi üçün əlavə 80 milyon avro ödəməlidir.

Bu məsələnin La Liqada iyulun 25-i müzakirə ediləcəyi bildirilib.

Bundan başqa, "Atletiko" FİFA-ya da müraciət etməyi planlaşdırdığı vurğulanıb.

Qeyd edək ki, iyulun 1-də Qrizmannın təzminat qiyməti 200 milyon avrodan 120 milyon avroya düşüb. Kataloniya təmsilçisi son məbləği ödəyərək 28 yaşlı oyunçunu alıb. Ancaq Madrid klubu bildirir  ki, "Barselona" iyulun 1-nə kimi Qrizmannla transfer məsələsi ilə bağlı razılaşmaya nail olub. Buna görə klub 200 milyon avro təzminat tələb edir.