"Rapid"in baş məşqçisi: "Bakıda oyundan "Aris" kimi qopmamalıyıq"
"Neftçi" "Lexiya"dan tamamilə fərqli rəqibdir. Onların fərdi olaraq əla oyunçuları var, xüsusən legionerləri güclüdür”.
Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Avstriyanın "Rapid" klubunun baş məşqçisi Ferdinand Feldhofer deyib.
42 yaşlı mütəxəssis Bakıda keçirəcəkləri oyunun çox çətin olacağını vurğulayıb. Feldhofer bunun səbəblərini açıqlayıb: "Azərbaycan komandasının bu oyunda böyük ev üstünlüyü var. Biz uzun səfər edəcəyik, meydan sahibi deyilik və temperatur Bakıda isti olacaq. Aramızda 2 saatlıq vaxt fərqi var. Oyun yerli vaxtla saat 21:00-da başlasa da, təxminən 30 dərəcə isti gözlənilir. Ümid edirəm ki, Bakıdakı rütubət bizə təsir etməyəcək".
Baş məşqçi II təsnifat mərhələsində "Aris"in Bakıda "Neftçi"yə qarşı buraxdığı səhvləri etməməyə çalışacaqlarını da açıqlayıb: "Bütün matç ərzində öz performansımızı, fiziki və psixoloji bacarığımızı ortaya qoymalıyıq. İlk 30 dəqiqədən sonra "Aris" kimi Bakıda oyundan qopmamağımız çox vacibdir... Bu matçda əvvəlcə tapşırığı yerinə yetirməli, yaxşı nəticə qazanmalı və evə ideal qələbə ilə qayıtmalıyıq".
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.