"Renat Dadaşova 5 dəqiqə şans vermək fikrim var" - Prosineçki

“Son oyundan fərqli olaraq bu dəfə cəmi 3 gün birlikdə məşq etmişik. Ancaq yaxşı hazırlaşmışıq. Norveçlə son iki oyunda məğlub olmamışıq. Ancaq onlar indi yeni məşqçi ilə çıxacaqlar meydana”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq yığmamızın çalışdırıcısı oyundan öncə təşkil olunan mətbuat konafransında jurnalistlərin suallarını cavablandırıb.

O, rəqibin təzyiqinə hazır olduqlarını bildirib: “Bilirik ki, rəqib bizdən revanş almağa çalışacaq. Oyun üslubunu dəyişiblər. İndi daha çox təzyiq etməyə çalışacaqlar. Buna baxmayaraq, biz bu oyuna hazırıq”

- Rəqibin oyun üslubunun dəyişdiyini vurğuladınız. Bəs Azərbaycan millisinin oyun üslubunda hansı dəyişiklik gözlənilir?

- Biz Şimali İrlandiyaya qarşı göstərdiyimiz oyunu yenə sərgiləsək, razı qalaram. Nəticə baxımından pis olsa da, oynamışdıq. Son 3 ildə ən yaxşı oyunumuzu göstərmişdik. Bütün oyunu hücumda keçirmişdik. 93-cü dəqiqədə rəqib qapımıza bir zərbə vurdu, o da qol oldu. Sabahkı matça gəldikdə isə komandada motivasiya yüksəkdir. Yenə deyirəm ki, rəhbərlik etdiyim komandanın oyunçuları çox güclüdür. Gözləməzdik ki, ilk oyunda Bakıda rəqibi məğlub edəcəyik, ancaq biz bunu bacardıq. Düşünürəm ki, bu dəfə də bizi maraqlı oyun gözləyir.

- Namiq Ələsgərovun konfransa gəlməsinə düşünmək oları ki, matça “ilk 11-lik”də başlayacaq. Maraqlıdır, hansı keyfiyyətlərinə görə onu start heyətində meydana buraxmağı düşünürsünüz?

- Namiq Ələsgərov ola bilsin ki, start heyətində meydana çıxsın, amma onun bura gəlməsi “11-lik”də olacağı demək deyil. Sadəcə istədim ki, mətbuat konfransına yeni oyunçular gəlsin. Namiqin milli karyerası mənimlə birlikdə başlayıb. Onda olan keyfiyyətləri Azərbaycana gəldiyim gündən görmüşəm. Şimali İrlandiya ilə oyuna girən kimi matç xeyli dəyişdi. Qazandığı cərimə zərbəsini xatırlayın. Namiqin sürəti, mübarizliyi onun əsas üstün keyfiyyətləridir. Təəssüf ki, Malta ilə qarılaşmada zədə səbəbindən bir ilədək sıradan çıxdı.

- Heç olmasa, bu oyunda Renat Dadaşovu meydanda görə biləcəyik? Nəzərə alaq ki, bununla o, həm də millinin rəsmi üzvünə çevrilə bilər…

- Dadaşov istedadlı gəncdir. Yaxşı gələcəyi var, amma unutmayaq ki, o, Almaniyada ən yaxşı halda “Ayntraxt”ın U-19 komandasında çıxış edir. Renat hələ özünü göstərmək üçün çox şans əldə edəcək. Gəlin nəzərə alaq ki, bu mövqedə Ramil Şeydayev də var. Təəssüf ki, son zamanlar o da "Jilina"da oynamır. Vaxtı gələndə onlara şans verəcəm. Ümid edirəm ki, Bundesliqada çıxış təcrübəsi qazana biləcək. Bununla belə, Renata San Marino ilə oyunun son 5 dəqiqəsində şans vermək fikrim var.

- Şimali İrlandiya ilə oyundan sonra bu matçın start heyətdə hansısa dəyişiklik gözlənilir?

- Həmin matçla müqayisədə 2 mövqedə dəyişiklik etmişəm. Namiq Ələsgərov və Mahir Mədətova şans verəcəm. Onlar Ramil Şeydayev və Əfran İsmayılovu əvəzləyəcəklər.

- Milliyə dəvət alan legionerlərin – Kamran Ağayev, Ramil Şeydayev, Emin Mahmudov və digərlərinin oyun təcrübəsinin olmaması bu oyunda sizə necə təsir edəcək?

- Hardasa təsir edəcək. Ramil “Jilina”nın əvəzedici komandasında oynasa potensialı olan futbolçudur və ona inanmaq lazımdır. Tək ona yox, digər gənc futbolçularımıza da. Sabah biz Mahirlə Namiqi inanaraq əsas heyətdə oyuna buraxacağıq. Çünki hər ikisi sürətlidir və bu üstünlüklərindən istifadə etmək istəyirik. Təəssüf ki, Ağabala zədədən sonra tam özünə gəlməyib. İstənlən halda, psixoloji cəhətdən problem olmayacaq.