Rio-2016: Hacı Əliyev bürünc qazandı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə sərbəst güləşçilər mübarizəyə başlayıblar. Bu növdəki təmsilçimiz - Hacı Əliyev ilk gündə xalça üzərinə çıxıb.

57 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan idmançı ilk görüşünü 1/8 final mərhələsi çərçivəsində keçirib. Rəqib Cənubi Koreya təmsilçisi Yunsik Yun olub. İnamlı təsir bağışlayan güləşçimiz 12:2 hesablı qələbə qazanıb.

1/4 finalda rəqib gürcüstanlı Vladimer Xinçeqaşvili olub. Təəssüf ki, Hacı Əliyev uğurun davamını gətirə bilməyib - 3:4.

Rəqibi finala yüksəldiyindən, güləşçimiz təsəlliverici görüşlərə qatılıb. İlk görüşündə qazaxıstanlı Nurislam Sanayevlə qarşılaşan pəhləvanımız qələbə qazanmaqla bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb.

Bürünc mükafat uğrunda təmsilçimiz Vladimir Dubov ilə üz-üzə gəlib. Rəqibinə təmiz qələbə ilə qalib gələn Hacı Əliyev Azərbaycanın aktivinə daha bir bürünc medal yazdırıb.

Qeyd edək ki, hazırda Azərbaycan Olimpiya komandasının hesabında 4 gümüş və 7 bürünc medal var.