Rio-2016: Mariya Stadnik Olimpiya çempionluğunu əldən verdi
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, bu gün qadınlar mübarizəyə qoşulacaq. Bu növdəki təmsilçimiz - Mariya Stadnik də (48 kq) ilk gündə xalça üzərinə çıxıb.
İlk görüşünə 1/8 final çərçivəsində çıxacaq güləşçimiz argentinalı Patrisiya Alexandra Bermudezlə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz vaxtından əvvəl qələbəni təmin edib - 10:0.
1/4 finalda Stadnik İvona Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. O, yenə etimadı doğruldub - 10:0.
Finala vəsiqə urğunda Mariya Elitsa Atanasova Yankova (Bolqarıstan) ilə münasibətləri aydınlaşdırıb. Bolqarıstanlı rəqibinin kürəyini yerə vuran güləşçimiz qızıl medal uğrunda yarışacaq.
Həlledici görüşdə təmsilçimiz Eri Tosaka (Yaponiya) ilə üz-üzə gəlib. Gərgin mübarizədə Mariya Stadnik üstün olsa da, sona 5 saniyə qalmış Eri Tosaka vəziyyəti xeyrinə dəyişib - 2:3.
Beləliklə, Azərbaycan Olimpiadada 3-cü gümüş medalını qazanıb. Hazırda Olimpiya komandamızın aktivində 3 gümüş və 3 bürünc medal var.