Rio-2016: Azərbaycan 10-cu medalını qazandı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, bu gün qadınların mübarizəsində daha bir təmsilçimiz mübarizəyə qoşulub.

53 kq çəki dərəcəsində xalça üzərinə çıxan Nataliya Sinişin ilk görüşünü 1/8 final mərhələsi çərçivəsində keçirib. Üçqat Olimpiya, on üçqat dünya çempionu, yaponiyalı Saori Yoşida ilə qarşılaşma məğlubiyyətlə yekunlaşıb - 0:4.

Saori Yoşida finala vəsiqə qazandığından, Sinişin təsəlliverici görüşlərə qatılıb. Burada Seneqal güləşçisi İzabelle Sanbounu üstələyən təmsilçimiz bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb. Medalın bir addımlığında Sinişin Betzabet Ancelika Arquello Vilyeqasla (Venesuela) üz-üzə gəlib. Cənubi amerikalı idmançıya qalib gələn Nataliya Sinişin Azərbaycanın aktivinə daha bir bürünc medal yazdırıb.

Beləliklə, Azərbaycan Olimpiya komandasının hesabında 4 gümüş və 6 bürünc medal var.