"Sevilya"dan böyük hesablı qələbə

İspaniya çempionatında 34-cü tur yekunlaşıb. 

Sportline.az xəbər verir ki, “Sevilya”  “Rayo Valyekano” ilə qarşılaşmada 5 cavabsız qolla qalib gəlib.

Yarış cədvəlinin autsayderi “Rayo Valyekano” “Sevilya”nın qonağı olub. Meydan sahibləri ilk hissədə fərqlənmək üçün bir neçə imkan qazansa da, rəqib komandanın qapıçısı inamlı oyun göstərib. Fasiləyədək hesab açılmayıb.

İkinci hissədə hücumlarını daha da gücləndirən Sevilya klubu qonaqların qapısından 5 top keçirib. 55-ci dəqiqədə Kvinsi Promes sükutu pozub. 2 dəqiqə sonra fərq daha da artıb. Bu dəfə Munir Əl-Haddadi yerli azarkeşləri sevindirib. 2:0.

Bununla kifayətlənməyən 23 yaşlı hücumçu 62-ci dəqiqədə özünün 2-ci, komandasının 3-cü qolunu vurub. Çox keçmədən meydan sahiblərinin fransalı futbolçusu Vissam Ben Yedder hesab arasındakı fərqi 4-ə yüksəldib. 86-cı dəqiqədə isə Breyn Gil rəqib qapısına yol tapıb. 5:0. Qələbə qazanan “Sevilya” 55 xalla yarış cədvəlində ilk beşliyi tamamlayır. “Rayo Valyekano” isə 28 xalla sonuncu pillədədir.