Ülvi Quliyev: “Ayrılıqda fəaliyyət göstərənlər barəsində intizam tədbirləri görülməlidir”
“Qanunsuz fəaliyyət göstərən federasiyalara hər zaman çağırış edirik. Ayrılıqda fəaliyyət göstərənlər barəsində intizam tədbirləri görülməlidir”.
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev üzv federasiyalarla müqavilə imzalanma mərasimində deyib.
O, üzv olmayan federasiyaların kəmər sertifikatlarının və diplomlarının tanınmayacağını vurğulayıb: “Bütün qurumlar yalnız bizimlə birləşən federasiyaların diplomlarını tanıyacaqlar. Digərlərinin sənədləri isə qanunauyğun sayılmayacaq”.
Federasiya prezidenti bildirib ki, Gənclər və İdman Nazirliyi hər idman növündən bir qurumu tanıyır ki, karatedən bu, Azərbaycan Karate Federasiyasıdır: “Karatenin müxtəlif növləri var. Bu gün 6 federasiya ilə müqavilə imzalanma mərasimi keçirildi. Digər federasiyalar və klublar üçün də açığıq. Sadəcə, təlimata uyğun olaraq müraciətlərə baxılıb qərar verilir. Karate ilə məşğul olan klub və federasiyaların bizə qoşulmaq imkanları var. Onların bu istəyini məhdudlaşdıra bilmərik. Amma bəzilərinin başqa maraqları var. Biz idman siyasətində fəal iştirak edirik. Burada iştirak edən federasiya idmançılarının da böyük uğurları var”.
Ü.Quliyev əlavə edib ki, məqsəd Azərbaycanda karateni sevən gəncləri birləşdirməkdir: “Onlara yaxşı vərdişləri aşılamaq istəyirik. Eyni zamanda, daxildə yarışların keçirilməsi və xaricdə ölkəmizi uğurlu təmsil etmək önəmlidir. 44 günlük Vətən Müharibəsində qazi və şəhid olanlar arasında idmançılar da oldu. Ali Baş Komandanımızın çağırışı ilə onlar döyüşlərdə iştirak etdilər. İdman camiəsində olan şəxslərin vəzifəsi də gənclərə bu istiqamətdə vərdişlərə istiqamət verməkdir”.
O, AKF-nin nəzdində fəaliyyət göstərən federasiyaların beynəlxalq qurumlarla işbirliyinə maneə törədilməyəcəyini deyib: “Federasiyaların beynəlxalq qurumlarla işbirliyini dəstəkləyirik. Onlara hər cür kömək etməyə hazırıq. Futbolda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası gedir. Buna görə də bütün futbol növləri orada birləşib. Nazirlik də karate federasiyalarını AKF-nin tərkibində tanıyır. Azərbaycan Karate Federasiyası gələcəkdə Dünya Karate Federasiyasının üzvü ola bilər. Amma yenə də struktur dəyişməyəcək. Qurumların bir federasiya ətrafında birləşməsini qadağan edən heç bir qanun yoxdur”.
Ülvi Quliyev AKF-nin strukturunun mövcud olduğunu bildirib. Hər hansı bir məsələni federasiya prezidenti, 4 vitse-prezident, digər federasiyaların rəhbərləri və İdarə Heyətinin üzvləri birlikdə müzakirə edərək, qərar verəcəklər.