Vyana turniri: 1/4 finalçılar müəyyənləşdi

Avstriyanın paytaxtı Vyanada ATP seriyalı turnirdə 1/8 finalın oyunları keçirilib.

Sportline.az xəbər verir ki, bu mərhələdə sensasiya qeydə alınıb. Reytinq cədvəlinin 3-cü pilləsində qərarlaşan yunanıstanlı Stefanos Tsitsipas amerikalı Frensis Teafo ilə qarşılaşıb. Əksəriyyət Yunanıstan tennisçisinin qələbəsinə inansa da, Frensis onları yanıldıb. Əzmkar oyunla 2-1 hesabı ilə qalib gələn amerikalı idmançı ¼ finala yüksəlib.

Fransalı Qael Monfis argentinalı Dieqo Şvartsmanla üz-üzə gəlib. Təxminən 2 saat yarım davam edən mübarizədə Şvartsman 2-1 hesabı ilə qələbə qazanıb.

Bir neçə gün öncə Antverpen turnirinin qalibi olan italiyalı Yannik Sinner də inamla irəliləyir. Onun budəfəki rəqibi avstriyalı Denis Novak olub. Hər iki setdə asanlıqla qələbə qazanan Sinner adını ¼ finalçıları siyahısına yazdırıb.

Turnirin favoritlərindən sayılan almaniyalı Aleksandr Zverev avstraliyalı Aleks De Minaurla qarşılaşıb. Zverev çətinliklə də olsa, etimadı doğruldaraq mərhələ adlayıb.

Mükafat fondu 1 milyon 837 min avro olan turnirin qalibi oktyabrın 31-də müəyyənləşəcək.