"Yarasalar" baş məşqçi ilə vidalaşdılar

"Valensiya" baş məşqçi Marselino Qarsiya Toralı istefaya göndərib.

Sportline.az xəbər verir ki, klub bu barədə bəyanat yayıb. Marselino və "Valensiya"nın sahibi Piter Lim arasındakı fikir ayrılığı səbəbindən belə bir qərar qəbul edildiyi bildirilir.

Lim tez-tez "yarasalar"ın idman direktoru Mateu Alemaninin işinə müdaxilə edirmiş. Bu isə Marselinonun xoşuna gəlməyib.

İspaniya mətbuatında yayılan xəbərlərə görə, "Valensiya"nın prezidenti, Limin dəstəklədiyi Anil Murti ilə 54 yaşlı mütəxəssis arasındakı münasibətlər də qaydasında deyilmiş.

Marselino Qarsiya Toral 2017-ci ildən bəri "Valensiya"nı çalışdırırdı. Komanda ötən mövsüm onun rəhbərliyi altında İspaniya Kral Kubokunun qalibi olmuşdu.