Yunan-Roma güləşçilərimizi reytinq turnirinə bir dəst medalla başladı
Türkiyənin İstanbul şəhərində güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri start götürüb.
Sportline.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 87, 97 və 130 kq-da mübarizə baş tutub.
A qrupunda yer alan İbrahim Nurullayev (55 kq) ilk 2 görüşdə Qazaxıstan və Türkiyə güləşçilərinə qalib gəlib. Ancaq sonuncu turda daha bir yerli idmançıyla qarşılaşan Nurullayev rəqibinə məğlub olaraq yarımfinala yüksələ bilməyib.
Bu yarışda 60 kq-da gücünü sınayan Eldəniz Əzizli startda Özbəkistan güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda Türkiyədən olan rəqibiylə görüşdə zədələnib. Dünya və Avropa çempionumuzun bu zədəsi 3-cü yer uğrunda görüşdə də özünü göstərib və güləşçimiz hindistanlı rəqibiylə qarşılaşmanı sona kimi davam etdirə bilməyib.
Taleh Məmmədov (63 kq) ilk görüşdə özbəkistanlı rəqibinə məğlub olub. Ancaq Təsəlliverici görüşdə Türkiyə pəhləvanından üstün olub. Qırğızıstan güləşçisini vaxtından əvvəl xalçadan məyus yola salan Talrh turnirin bürünc medalına sahib çıxıb.
Namaz Rüstəmov (67 kq) debütdə Qazaxıstan təmsilçisinə uduzub.
İslam Abbasov (87 kq) yarışa inamlı start verib. Özbəkistan və Qazaxıstan güləşçilərinə tam üstünlüklə qalib gələn həmyerlimiz yarımfinalda Türkiyə idmançısını da yenərək finala yüksəlib. Həlledici görüşdə son dünya və Avropa çempionu, Tokio Olimpiadasının bürünc medalçısı Zurab Datunaşviliylə münasibətləri aydınlaşdıran Abbasov əsl əzmkarlıq nümayiş etdirib. İslam son saniyələrdə qazandığı xallarla turnirin qalibi olub.
97 kq-da millimizin iki üzvü çıxış edib. Arif Niftullayev 1/8 finalda Türkiyə güləşçisinə məğlub olub. Bu mərhələdə Avstriyadan həmkarını mübarizədən kənarlaşdıran Murad Lokyayev isə 1/4 finalda Norveç idmançısıyla bacarmayıb.
Beka Kandelaki (130 kq) yarışa Yunanıstan təmsilçisi üzərində inamlı qələbəylə start verib. Daha sonra Polşa idmançısını minimal fərqlə üstələyərək yarımfinala adlayıb. Olimpiadanın 3 qat mükafatçısı, 4 qat dünya çempionu və 9 qat Avropa çempionu Rza Kayaalpla qarşılaşma maraqlı mübarizə şəraitində keçib. Türkiyə güləş tarixinin ən titullu idmançılarından biriylə görüşdə hesabda geridə olan təmsilçimiz uğurlu fənd həyata keçirərək "tuşe" ilə qalib gəlib və finala vəsiqə qazanıb. Həlledici görüşdə Türkiyənin digər təmsilçisi Osman Yıldırıma məğlub olan Kandelaki gümüş medalla kifayətlənib. Beləliklə, yunan-Roma güləşi üzrə millimiz ilk yarış gününü bir dəst medalla başa vurub.
55 kq
A qrupu
1-ci tur: İbrahim Nurullayev - Marlan Mukaşev (Qazaxıstan) 6:3
2-ci tur: İbrahim Nurullayev - Ahmet Taşkınoğlu (Türkiyə) 6:5
3-cü tur: İbrahim Nurullayev - Doğuş Ayazcı (Türkiyə) 0:2
60 kq
Təsnifat: Eldəniz Əzizli - Firuz Tuxtayev (Özbəkistan) 5:1
1/4 final: Eldəniz Əzizli - Ekrem Öztürk (Türkiyə) 0:5
Bürünc medal görüşü: Eldəniz Əzizli - Qyanender Qyanender (Hindistan) 0:2
63 kq
Təsnifat: Taleh Məmmədov - İslamcan Bəhramov (Özbəkistan) 2:8
Təsəlliverici görüş: Taleh Məmmədov - Rahman Bilici (Türkiyə) 3:1
Bürünc medal görüşü: Taleh Məmmədov - Dastan Kadırov (Qırğızıstan) 8:0
67 kq
Təsnifat: Namaz Rüstəmov - Meirjan Şermaxanbet (Qazaxıstan) 2:3
87 kq
Təsnifat: İslam Abbasov - Nurbek Xaşimbekov (Özbəkistan) 9:0
1/4 final: İslam Abbasov - Umut Davudov (Qazaxıstan) 9:0
1/2 final: İslam Abbasov - Ali Cengiz (Türkiyə) 4:1
FİNAL: İslam Abbasov - Zurabi Datunaşvili (Serbiya) 6:3
97 kq
1/8 final: Murad Lokyayev - Daniel Qastl (Avstriya) 10:2
1/8 final: Arif Niftullayev - Beytullah Kayısdağ (Türkiyə) 3:6
1/4 final: Murad Lokyayev - Feliks Baldauf (Norveç) 0:5
130 kq
Təsnifat: Beka Kandelaki - Nikolaos Ntunias (Yunanıstan) 8:0
1/4 final: Beka Kandelaki - Rafal Andrey Krayevski (Polşa) 5:4
1/2 final: Beka Kandelaki - Rza Kayaalp (Türkiyə) 2:5 (tuşe)
FİNAL: Beka Kandelaki - Osman Yıldırım (Türkiyə) 1:3