Zidan yenidən "Real"da

Zinəddin Zidan yenidən "Real"ın baş məşqçisi funksiyasını icra edəcək. SportLine.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. 

Klubun İcraiyyə Komitəsi bu gün keçirilən iclasda Santyaqo Solari ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Z.Zidanla müqavilə müddəti 2022-ci ilədəkdir.

Bu, Zidanın “kral klubu”nda ikinci məşqçilik dönəmi olacaq. O, 2016-2018-ci illərdə kluba rəhbərlik edərək “Real”ı 149 oyuna çıxarmışdı. Bu görüşlərin 104-də qələbə qazanan Madrid təmsilçisi 29 dəfə bərabərlik əldə etmişdisə, 16 dəfə də məğlubiyyətə üzülmüşdü.

Fransalı mütəxəssisin rəhbərliyi altında “Real” 3 dəfə ardıcıl Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə Klublararası dünya çempionatının, bir dəfə isə La Liqa çempionluğunu və İspaniya Super Kubokunu əldə edib.