Aleksandar Trifunoviç: "Ermənistanla qarşılaşsaq, bu, ən asan oyunumuz olacaq"

"Futbol azarkeşiyəm. Azərbaycanı futboldan tanıyırdım. Bu ölkənin tarixindən xəbərim var idi. Ona görə də təklif gələndə qəbul etdim. İstənilən milli komandanın baş məşqçisi olmaq qürurvericidir. Odur ki, bu, mənim üçün şərəfdir".

Sportline.az xəbər verir ki, bunu basketbol üzrə Azərbaycan milli komandasının Aleksandar Trifunoviç jurnalistlərə açıqlamasında deyib.

Serbiyalı mütəxəssis Azərbaycan basketbolu haqqında çox məlumatlı olmadığını bildirib: "Yalnız ölkə xaricində çıxış edən Orxan Hacıyev və Cordan Devisi tanıyırdım. Amma Serbiyanın paytaxtı Belqradda basketbolun 3x3 növü üzrə yarışda olanda oyunçuların əksəriyyətini gördüm və onlarla tanış oldum. Fikrimcə, həm həyatda, həm də basketbolda əvvəlki dövrlə indikini müqayisə etmək düzgün deyil. Çünki hər şey inkişaf edir. Mən hansısa yerli vətəndaşdan daha böyük azərbaycanlı ola bilmərəm. Amma yığmanın uğur qazanması üçün əlimdən gələni edəcəyəm".

Trifunoviç Malta və Andorra ilə eyni qrupda yer aldıqları kiçik ölkələr arasında Avropa çempionatındakı şansları da dəyərləndirib: "Təbii ki, uzun müddətdir oynamayan milli komanda ilə turnirə qatılmaq çox çətindir. Biz meydana qələbə üçün çıxırıq. Nəticənin necə olacağını zaman göstərəcək. Yeni federasiya rəhbərliyi çox yaxşı işlər görməyə başlayıb. Bu yarış ilk addım və daha böyük planlar üçün başlanğıc olacaq. Birinci yeri tutmaq üçün hər gün ciddi hazırlaşırıq".

Ermənistan millisinin baş məşqçisi Reks Kalamyan bu yaxınlarda açıqlama verib ki, onlara Avropa çempionatında Azərbaycanı mütləq məğlub etmək tapşırılıb və bu, digər komandalar üzərində qələbədən daha vacibdir. Həmkarının fikirlərinə münasibət bildirən 55 yaşlı mütəxəssis onun sözləri haqqında ümumiyyətlə düşünmədiyini əlavə edib: "Bunun siyasət olduğunu başa düşürəm. Ermənistanla qarşılaşsaq, bu, bizim ən asan oyun olacaq. Çünki komandamı motivasiya etməyə ehtiyac qalmayacaq. Hamısı meydana istəkli çıxacaq. Hətta deyərdim ki, onları sakitləşdirməli olacağam. Siyasətə qarışmaq istəmirəm. Çünki siyasətçi deyiləm. Ola bilərəm, amma istəmirəm (gülür). Biz öz gücümüzü meydanda göstərəcəyik. Oyunçularımın mentalitetinə bələdəm".