Azərbaycan futbolunun tarixi: “Kəpəz” - zirvə, yoxsa gözdağı?

Azərbaycan futbolunun tarixi: “Kəpəz” - zirvə, yoxsa gözdağı?

SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində 6-cı yazını təqdim edir.

Sözsüz ki, Azərbaycan futbolu dedikdə, ilk yada düşən “Neftçi”, onun qazandığı uğurlar və yetişdirdiyi “ulduzlar” olur. Amma ölkənin qərb bölgəsinin ölkə futbolundakı çəkisini də yaddan çıxarmaq, “Kəpəz”in, “Turan”ın, “Şəmkirin” qazandığı uğurları gözardı etmək mümkün deyil. Bu dəfəki yazımızda sizə məhz Gəncə futbolundan, Nizamu yurdunun simvoluna və qüruruna çevrilmiş “Kəpəz”dən söz açacağıq.

Böyük vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanda SSRİ-nin digər bölgələrində olduğu kimi idmanın əksər növləri inkişaf etməyə başladı. Futbol da bu böyük dalğadan kənarda qala bilməzdi. SSRİ çempionatları bütövlükdə  müttəfiq respublikaların güzəştsiz mübarizə səhnəsinə çevrilmişdi. “15 qardaş” pambıq və taxıl sahələrində, istehsalatda olduğu kimi, idmanda, o cümlədən də futbolda bir-biri ilə yarışır, fərqlənməyə çalışırdı. Neft sənayesi və kənd təsərrüfatında Azərbaycan bu yarışın öncülləri sırasında yer alsa da, futbolda o qədər də irəliləyə, digərlərinə meydan oxuya bilmirdi. Respublika rəhbərliyi həmin vaxt başa düşdü ki, təkcə Bakıdakı futbol məktəblərinin və onların yetirmələrinin sayəsində irəliləmək, böyük uğurlar qazanmaq mümkün olmayacaq. Bu səbəbdən də, 50-ci illərin sonlarına doğru, futbolun bütün respublika ərazisinə yayılmasına, əyalətlərdə də futbol komandalarının yaradılmasına başlandı.

“Böyük futbol”un Gəncəyə gəlişi


Bakıda futbolun populyarlaşması öz təsirini tezliklə Gəncəyə (o vaxtlar şəhər Kirovabad adlanırdı - red) də göstərmişdi. Bu şəhərdə ilk futbol komandasının yaradılması və rəsmən qeydiyyatdan keçirilməsi 1959-cu ildə baş verdi. 1962-ci ilə qədər “Toxucu” adlanan komanda SSRİ birinciliklərinin zona yarışlarına da qatılırdı. Həmin il “Toxucu” adıyla birlikdə doğma meydanını da dəyişdirdi. “Toxucu”nun çıxış etdiyi “Spartak” stadionu şəhərin ermənilərin üstünlük təşkil etdiyi ərazisində yerləşdiyindən oyunlar zamanı tez-tez iğtişaşlar olurdu. Ermənistanın Leninakan şəhərini təmsil edən “Şirak”la oyundakı yaşanan dava-dalaş isə gələcəkdə daha böyük təhlükələrin yaşana biləcəyindən xəbər verirdi. Belədə şəhər rəhbərliyi qısa müddətdə yeni stadion tikintisinə və yerli komandanın oyunlarının orda keçirilməsinə qərar verdi.

Bütün şəhər əhaləsinin iştirakıyla keçirilən tikinti-quruculuq prosesinin nəticəsi kimi 10 min azarkeş tutumu olan yeni “Dinamo” stadionu inşa olunduqdan sonra “Toxucu”nun da adını dəyişdirib eyni adlı idman cəmiyyətinin tabeçiliyinə keçirdilər.

Tahir Cəlilov: “Dinamo” rəhbərliyi “Neftçi” ilə sövdələşməyə razı olmadı

Bütün bu prosesləri həm yaddaşına, həm də özünün qeyd dəftərlərinə həkk etmiş təcrübəli azarkeş Tahir Cəlilovun şəxsi arxivində Gəncə futbolunun tarixi ilə bağlı çox dəyərli məlumatlar var. Tahir müəllim SportLine.az oxucuları üçün həmin tarixi belə vərəqləyir:

“Toxucu”nun adını “Dinamo”ya dəyişəndən sonra şəhər rəhbərliyi komandanın gücləndirilməsinə xüsusi fikir verirdi. Düzdür, əvvəlcə bizim şəhərdə futbol komandasını “Neftçi”yə kömək məqsədi ilə yaradırdılar. Amma sonradan bu siyasət dəyişdirildi və “Dinamo” ilə “Neftçi” arasında gizli rəqabət yarandı. 1962-ci ildə məşhur Şuvolov “Dinamo”ya baş məşqçi təyin olundu. Onun ardınca Rusiyadan peşəkar futbolçuların Gəncəyə axını başladı. Batrayev, Polkovski, Kazmin kimi ustalara yerlilərdən Müzəffər Qasımov və digərləri qoşuldu. Bu futbolçar “Dinamo”nun ad-san qazanmasında, bizim şəhərimizdə top oyununun populyarlıq qazanmasında böyük işlər görüblər. 1966-cı ildə “Neftçi” SSRİ çempionatının bürünc medallarını qazanandan sonra “Dinamo” rəhbərliyi də Güclülər dəstəsinə yüksəlməyi qarşıya konkret hədəf kimi qoydu. Şuvolovun əlinin altında çox güclü heyət var idi. 1967-ci ildə “Dinamo” birinci dəstədə ilk pilləni tutdu və güclülərin sırasına yüksəldi. Bu hadisə Azərbaycan futbolunun tarixində birinci və sonuncu hadisə idi. 1968-ci il mövsümü yeganə mövsüm oldu ki, Azərbaycanın iki təmsilçisi Güclülər dəstəsində mübarizə aparırdı.


Güclülər dəstəsində ilk oyunumuz Kiyev “Dinamo”su ilə olmalı idi. Amma həmin oyun Gəncədə baş tutmadı. Çünki stadionumuzda təmir işləri tamamlanmamışdı. Həmin ərəfədə müəyyən səbəblərdən Şuvolov “Dinamo”dan getdi. Onun əvəzinə Tiştixvalovu dəvət etdilər. İlk turun oyunu Bakıya təyin olundu və “Dinamo” Kiyevlə qarşılaşmada 1:1 hesablı bərabərlik qeydə alındı. Növbəti turda isə, rəqib “Neftçi” oldu. Bakılılar Banişevskinin 69-cu dəqiqədə vurduğu qolla gəncəliləri məğlub etdilər. Çoxları düşünürdü ki, Azərbaycanın iki təmsilçisi meydandan “sülh”lə ayrılacaq, hərəyə bir xal götürəcək. Mənim bildiyimə görə bizim “Dinamo”nun rəhbərliyi bu sövdələşməyə razılıq verməyib və özündən əminlik ifadə edib ki, Bakıda qələbə qazanacaq.

Nəhayət ki, 3-cü turda “Dinamo” doğma meydanda ilk oyununu keçirdi. Rəqibin də “Ararat” olması ajiotajı artırmışdı. Səhv etmirəmsə, 1968-ci ilin aprel ayının 28-i idi. Açılış münasibəti ilə stadionda bədii tədbir, konsert proqramı keçirilirdi. Oyunun əvvəlində də topu havadan helikopterlə düz mərkəsə atdılar. Komandanın heyəti isə belə idi: Zakir Süleymanov, Hafiz Namazov, Falkovski, Lyubanski, Batrayev, Tramviç, Müzəffər Qasımov, Kazmin, Nadir Eynullayev, Ruslan Abdullayev, Nizami Salahov. Həmin heyət indiki kimi gözlərimin önündədir. Meydana sonradan daxil olan Muritovun 58-ci dəqiqədə vurduğu qolla “Ararat”ı Gəncədən məğlub yola saldıq. İlk 3 turda qazanılan 4 xal debutant “Dinamo” üçün əla göstərici idi. Amma bütün mövsümü eyni səviyyədə keçirmək mümkün olmadı. Xüsusilə səfər oyunlarında çətinlik çəkirdik. Bir mövsüm ərzində adlı-sanlı komandaları məğlub edə bilmişdik, “Zenit”, “Lokomotiv” kimi rəqiblərə qalib gəlmişdik. Sona beş tur qalmış komandada yenidən məşqçi dəyişikliyi baş verdi. Komanda başsız qalmışdı. “Karpatı”, “Paxtakor”, “Kayrat”, “Dnepr” və “Çernomoret” güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparırdı. 5 oyuna 7 xal toplamalıydıq ki, “Dinamo” yerini qorusun. 22 komanda arasında 20-ci olmaq lazım idi. Amma biz 21-ci olduq. Tiştixvalov acıq edib getməsəydi, bizim işlərimiz bu qədər pis olmazdı. Həmin vaxt müəyyən “oyunlar da gedirdi”. “Dinamo”nu güclülər dəstəsindən sıxışdırıb “Saturn”u gətirdilər. 


Sonradan Gəncə “Dinamo”su SSRİ çempionatının zona yarışlarında mübarizə aparırdı. Əsasən gürcü və ermənilərlə oynayırdıq. Etiraf edək ki, bizim futbolda bir az paxıllıq olub. Ermənilər və gürcülər bir-birinə xal verirdi, kömək edirdilər. Bizdə isə əksinə idi. 

1974-cü ilə qədər “Dinamo” öz adını qorudu. Sonra yenidən addəyişmə yaşandı. “Tərəqqi” “Dinamo”nun sələfinə çevrildi. İndiki “Kəpəz”i Mehman Allahverdiyev yaradıb. O vaxtdan bəri Gəncə futbolu həm SSRİ-də, həm də ölkə miqyasında yetərincə uğurlar qazanmağı, yeni-yeni istedadları üzə çıxarmağı bacarıb”.

“Kəpəz” “zirvə”dən niyə endi?

Müstəqilliyin ilk illəri bütün Azərbaycan futbolu kimi, Gəncə futbolu üçün də keşməkeşli, enişli-yoxuşlu oldu. 1994-cü ildən sonra isə, “Kəpəz”in əsl “qızıl dövrü” sayılmalıdır. Mehman Allahverdiyevin çalışdırdığı komanda qısa müddətdə Azərbaycan çempionatında “at oynatmağa” başladı və adına uyğun olaraq ölkə futbolunun zirvəsinə çevrildi. 1994/1995, 1997/1998, 1998/1999 illər mövsümündə Azərbaycan çempionu adını qazanan “Kəpəz” bununla kifayətlənmədi. Gəncənin fəxri bu üç qızıl medaldan savayı, qısa müddət ərzində 4 dəfə Azərbaycan kubokunu, bir dəfə gümüş, iki dəfə isə bürünc medalları qazandı.


Amma, Kəpəz  2000-ci illərin əvvəllərindən bəri kölgəyə çəkilib. Artıq Gəncədən əvvəlki illərdə olduğu kimi istedadlar üzə çıxmır, “Kəpəz” futbolun zirvəsindən yerə enib. Müəyyən müddət hətta varlığını belə qoruya bilməyən komanda gəncəli azarkeşlər üçün əsl gözdağına çevrilmişdi. 

İldırım sürətli inkişafın və qəfil enişin səbəblərini öyrənmək üçün uzun müddət “Kəpəz”in kapitanı olmuş, hazırda Gəncə təmsilçisinin əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədova müraciət etdik. İllərini “Kəpəz”ə vermiş Məmmədov həm, keçmişi xatırladı, həm də, hazırkı enişin səbəblərinə toxundu:


“Təkcə özümə görə demirəm. Bizim dövrümüz “Kəpəz”in “qızıl dövrü” idi. Əsl döyüşkən kollektiv formalaşmışdı. Hamısı da Gəncənin öz yetirmələri idi. Bəzən otururam öz-özümə anliz edirəm, ötənləri xatırlayıram. 1992-ci ildə müstəqil çempionatımız başlayana kimi biz SSRİ birinciliyinin ikinci zonasında yarışırdıq. Rəqabət çox güclü idi. Biz orada bərkimişdik, peşəkarlaşmışdıq. O rəqabətə davam gətirmək asan deyildi. Öz çempionatımız başlayandan sonra komandanın özəyi qorundi. Üstəlik, o illərdə Gəncədə futbola o qədər məhəbbət var idi ki, hər küçədən, hər məhəllədən bir futbolçu çıxırdı. İmamyar və Yadigar Süleymanov qardaşları, Xaliq Mərdanov, Mahmud Qurbanov, Faiq Cabbarov, Fazil Pərvərov kimi futbolçuları hamı xatırlayır. Məhz bu heyətin sayəsində Azərbaycan çempionatında rəqib tanımırdıq. Bu uğurun əsl səbəbi o idi. Yeni nəsil də, özlərinə həmin adları kumir seçib, onlar kimi futbolçu olmağı arzulayırdı. “Kəpəz”in uğurları ümumi Gəncə futboluna təkan verirdi.

Sonradan uğursuzluqlar başladı. Bəzi səbəblərdən “Kəpəz” zəiflədi. 4 il Gəncədə komanda olmadı. Sonra yenidən yarandı, aşağı divizionda oynadıq. Beləcə şəhərdə futbola maraq öldü, Gəncədə futbolçu tapmaq problemə çevrildi. Əvvəllər Azərbaycan çempionatında 16 komanda mübarizə aparırdı. Onların hər birində azı iki gəncəli futbolçu olurdu. Amma indi “Kəpəz”in özündə oynatmağa gəncəli futbolçu tapmaq müşkül məsələdir. Gəncədə küçə-məhəllə futbolu məhv olmuşdu. Bizim vaxtımızda bir futbol müəlliminin azı 4 qrupu olurdu. Amma indi elə müəllimlər var ki, məşq etməyə uşaq tapmır. Bütün bu detallar üst-üstə toplananda nəticəyə çevrilir. “Kəpəz ”Gəncədə “böyük futbol”un müəyyən bir müddət olmaması səbəbindən, bu gün  çətin günlər yaşayır. İndi yavaş-yavaş ənənələri bərpa etməyə çalışırıq. İnanırıq ki, Gəncə futbolunun əvvəlki şöhrətini qaytara biləcəyik”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir