Azərbaycan güləşçisi: "Avropa və dünya çempionu olacağıma inanıram"
"Sevinirəm ki, medalsız qalmadım. Amma dünya çempionu da ola bilərdim. Çünki böyüklər arasında dünya çempionatının ilk mərhələsində məğlub etdiyim almaniyalı İdris İbayev 23 yaşadək güləşçilər arasında yarışın qalibi oldu".
Sportline.az xəbər verir ki, bu fikirləri Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Serbiyanın paytaxtı Belqradda keçirilmiş U-23 dünya çempionatında 72 kq çəki dərəcəsində bürünc medal qazanan idmançı səhvlərinin üzərində işləməli olduğunu bildirib: "Bu səhvləri aradan qaldırsam, Avropa və dünya çempionu olacağıma inanıram. Bir ay əvvəl böyüklər arasında yarışda gürcüstanlı son Avropa çempionu Şmagi Bolkvadzeyə qalib gəlmişdim. Belə güləşçiləri məğlub edə bilirəmsə, deməli, dünya çempionu da ola bilərəm. Sadəcə, Norveçin paytaxtı Oslodakı yarışda özümü çox pis hiss edirdim. Temperaturum yüksək idi. Ona görə medal qazana bilmədim".
Onun sözlərinə görə, son yarışda bütün görüşləri ağır keçib: "Buna baxmayaraq, Vətənə medalla qayıtdım. Düzdür, Belqrada çempion olmaq üçün yollanmışdım. Nəsib deyilmiş. Gələn ilin martında böyüklər arasında Avropa çempionu olacağıma inanıram".